İsrail Livanda atəşkəs razılaşmasını dəstəkləyib

İsrail Livanda atəşkəs razılaşmasını dəstəkləyib
  25 Noyabr 2024    Oxunub:348
Livanda “Hizbullah” ilə atəşkəs barədə təklif olunan razılaşmanı Təl-Əviv ilkin olaraq təsdiqləyib.
AzVision.az xəbər verir ki, İsrail, ABŞ və Livan mənbələrinə istinad edən “Ynet” portalının yaxdığına görə, son qərarı rəsmi Təl-Əviv verməlidir. Amerikanın “Axios” portalı isə bildirib ki, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Amos Hoxşteyn İsrail hakimiyyətinin yaxın günlərdə atəşkəslə razılaşmayacağı təqdirdə danışıqlardan çəkilməklə hədələyib.

“Müqavilə layihəsində İsrail hərbçilərinin Livanın cənubunu tərk etməli olduğu 60 günlük keçid dövrü nəzərdə tutulur. Livan ordusunun sərhədə yaxın ərazilərə yerləşdiriləcəyi, “Hizbullah”ın isə ağır silahlarını Litani çayının şimalına daşıyacağı gözlənilir. Həmçinin təşəbbüsün həyata keçirilməsinə nəzarət etmək üçün ABŞ-nin rəhbərlik etdiyi komitənin yaradılması planlaşdırılır”, - portalın yaydığı məlumatda deyilir.

Yüksək vəzifəli israilli məmurun sözlərinə görə, razılaşma bu həftə rəsmən elan oluna bilər. Adı açıqlanmayan digər israilli mənbə isə bir neçə məsələnin hələ də həll olunmadığını iddia edib.

Qeyd edək ki, sentyabrın sonundan İsrail Livanda “Hizbullah”ın infrastrukturunu məhv etmək üçün əməliyyat keçirir. Livan və “Hizbullah”ın ABŞ-nin İsraillə atəşkəs təklifi ilə razılaşdığı faktı ötən həftə məlum olub. “Hizbullah” Amerikanın atəşkəs sazişi layihəsinə cavabını təqdim edib. Təşkilatın baş katibi Naim Kasem İsrailin postmünaqişə dövründə güc tətbiq etmək hüququna malik olmasına qarşı çıxıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   Livan   atəşkəs  





Xəbər lenti