Milli birlik, Azərbaycana məhəbbət, mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirən həmrəylik gününün yaranma tarixi, əhəmiyyəti çıxış edənlər tərəfindən tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd olunub ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.
Tədbirlərdə müasir Azərbaycan Respublikasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müstəsna xidmətlərindən danışılıb.
Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün sənədli filmlər nümayiş etdirilib, yerli icra hakimiyyəti orqanları, dövlət və qeyri-hökumət təşkilatları, veteranlar, ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəxsi heyətlə görüşlər, mədəni-kütləvi, vətənpərvərlik tədbirləri, viktorinalar keçirilib. Həmçinin “Əsgərə məktub” layihəsi çərçivəsində Vətən müdafiəçilərinə məktublar ünvanlanıb.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivlərinin təqdim etdikləri konsert proqramları maraqla izlənilib.
AzVision.az