Makron: “Amerika yox, Avropa malı alın!”

Fransa lideri uzun müddətdir ki, Aİ dövlətlərinin müdafiə xərclərini yerli istehsala yönəltməsinin vacibliyini vurğulayır. Onun sözlərinə görə, bəzi Avropa ölkələri ABŞ silahlarından asılı qalıb və bu yanaşmanı dəyişmək lazımdır.
Qeyd edək ki, mart ayında Niderland və Belçika ABŞ istehsalı olan F-35 qırıcılarını almaq qərarlarını təsdiqləyiblər. Portuqaliya isə ABŞ istehsalı olan F-16-larını daha müasir F-35-lərlə əvəzləmək barəsində düşünür.
Fransa prezidenti bildirib ki, yerli müdafiə sənayesini daha cəlbedici etmək üçün şirkətlərə “qırmızı lenti kəsmək” və qiymətləri aşağı salmaq tapşırılıb.
Makron Avropa qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı mümkün ssenarini də izah edib. O bildirib ki, əsas məqsəd "hər bir ölkədən bir neçə min hərbi qulluqçunun strateji məntəqələrə yerləşdirilməsi, təlim proqramlarının həyata keçirilməsi və uzunmüddətli dəstəyin nümayiş etdirilməsidir."
Fransa lideri Rusiya Prezidenti Vladimir Putinin Ukraynada atəşkəs üçün irəli sürdüyü şərtlərin "qəbuledilməz" olduğunu vurğulayıb:
"Bu, Ukraynanın qismən işğalını və münaqişənin dondurulmasını ehtiva edir, üstəlik gələcək üçün heç bir təhlükəsizlik zəmanəti verilmir".
Makron yaxın həftələrdə "Universal Milli Xidmət" (Service National Universel) adlı könüllülük proqramının başladılacağını bəyan edib. Bu proqram 15-17 yaşlı gənclər üçün nəzərdə tutulub və idman tədbirləri, təhsil, dövlət və ya qeyri-hökumət təşkilatlarında qısa müddətli fəaliyyətlərdən ibarət olacaq. Bununla belə, Fransa prezidenti məcburi hərbi xidmətin bərpasını istisna edib.
Röya Əliyeva
AzVision.az
Teqlər: