İrakli Qaribaşvili siyasətdən gedir

   İrakli Qaribaşvili siyasətdən gedir
  25 Aprel 2025    Oxunub:407
Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili hakim “Gürcü Arzusu” Partiyasının sədri postunu tərk edərək siyasətdən uzaqlaşır.
AzVision.az xəbər verir ki, Qaribaşvili keçirdiyi xüsusi brifinqdə belə bəyanat açıqlayıb.

“Bu gün sizə siyasətdən getmək qərarım barədə məlumat vermək istəyirəm. Bildiyiniz kimi, son bir neçə həftə ərzində mənim gələcək siyasi fəaliyyətimlə bağlı spekulyasiyalar davam edir. Buna görə də mövcud suallara hərtərəfli cavab verməyə özümü cəmiyyət qarşısında borclu hesab edirəm”, - Qaribaşvili deyib.

Özəl sektorda fəaliyyətini davam etdirəcəyini və təfərrüatların daha sonra məlum olacağını bildirən keçmiş baş nazir, hakim partiyanın sədri vəzifəsini kimin tutacağını dəqiqləşdirməyib. Qaribaşvili “Gürcü Arzusu”na müxalif mövqedə yenidən siyasətə qayıtmaq imkanını da inkar edib. O, həmçinin Gürcüstanda qalacağını və xaricə getməyə hazırlaşmadığını açıqlayıb.

- Mən iki dəfə baş nazir, Müdafiə naziri, Daxili İşlər nazirliyinin rəhbəri, son iki ildə Gürcüstanın hakim partiyasının sədri olmuşam. Biz ölkənin əmin-amanlığına, sabitliyinə və inkişafına nail olmuşuq, ölkənin suverenliyini möhkəmləndirmişik, bu gün deyə bilərəm ki, bütün bu illər ərzində mən ölkə və partiya qarşısında öz borcumu səmimiyyətlə yerinə yetirmişəm. “Gürcü arzusu”nun və ölkəmizin sadiq əsgəri olaraq qalıram, bütün komandaya uğurlar arzulayıram”, - İrakli Qaribaşvili vurğulayıb.

Daha partiya sədri postunda və ümumiyyətlə siyasətdə qalmağa ehtiyac görmədiyini deyən Qaribaşvili, ona görə də “Gürcü Arzusu”nun sədri postunu tərk edərək siyasətdən getməyə qərar verdiyini söyləyib. O, həmçinin hakim partiyanın təsisçisi milyarder Bidzina İvanişviliyə öz təşəkkürünü bildirib.

Xatırladaq ki, “Gürcü Arzusu” partiyası hakimiyyətə gəldikdən sonra İrakli Qaribaşvili iki dəfə Baş nazir, habelə Daxili İşlər naziri və Müdafiə naziri vəzifələrini tutub. Baş nazir postundan getdikdən sonra hakim partiyanın sədri olub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qaribaşvili   siyasət   gediş  





Xəbər lenti