Ukrayna hökumətinə yaxın mənbə nəşrə bildirib ki, Kiyev bu təklifi son dərəcə qərəzli hesab edir.
![]() |
Rubio Londona Zelenskiyə görə getməyəcək - "NYT" |
Trampın təklifi ilə Ukrayna nə qazanacaq?
1-Avropa ölkələrindən və bəlkə də Kiyevlə həmfikir olan qeyri-Avropa dövlətlərindən ibarət xüsusi qrupun “etibarlı təhlükəsizlik zəmanəti”. Lakin sənəddə bu qrupu təmsil edən sülhməramlı əməliyyatın necə işləyəcəyi bəlli deyil və ABŞ-nin hərbi proseslərdə iştirakından bəhs edilmir.
2-Rusiya tərəfindən işğal olunmuş Xarkov vilayətinin kiçik bir hissəsinin geri qaytarılması.
3-Ukraynanın cənubunun bəzi bölgələrində cəbhə xətti boyunca axan Dnepr çayına maneəsiz çıxış.
4- Kompensasiya və bərpa işlərinə yardım. Lakin sənəddə maliyyənin haradan əldə olunacağı qeyd olunmur.
5-Zaporojye Atom Elektrik Stansiyası (ZAES) Ukrayna ərazisində olan obyekt sayılacaq. Bununla belə bu mühüm strateji obyekt ABŞ tərəfindən idarə olunacaq və elektrik enerjisi həm Ukrayna, həm də Rusiyaya ötürüləcək...
6- Sənəddə Trampın cümə axşamı günü imza atacağı dediyi "mineral ehtiyatlar sazişi"ndən də bəhs edilir ki, bu da Kiyevin qazancları sırasındadır.
Rusiyaya gəldikdə isə, Kreml Trampın təklif etdiyi "sülh planı"ndan daha çox şey əldə edəcək.
1-ABŞ Rusiyanın Krıma nəzarətini "de-yure" tanıyacaq.
2-Demək olar ki, bütün Luqansk və Donetsk, Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş ərazilərinin Rusiya tərəfindən işğalının “de-fakto" tanınması.
3-Ukraynanın NATO-ya üzv olmayacağına dair vəd. Hərçənd, Ukraynanın Avropa İttifaqının bir hissəsi ola biləcəyi də mümkündür.
4-2014-cü ildən tətbiq edilən sanksiyaların ləğvi.
5-ABŞ ilə iqtisadi əməkdaşlığı genişləndirilməsi. Burada söhbət xüsusilə enerji və sənaye sektorlarından gedir.
Xatırladaq ki, aprelin 23-də Londonda ABŞ-nin Qərb müttəfiqləri ilə Ukraynada atəşkəsə dair danışıqları planlaşdırılmışdı. Lakin sonradan ABŞ dövlət katibi Marko Rubionun Böyük Britaniyaya tarixi səfərini ləğv etməsi məlum olub. Qərar ABŞ-nin Krımın Rusiya ərazisi kimi tanınmasına dair təklifi ilə əlaqələndiririlir. Belə ki, Krımla bağlı təklifləri rədd edən Volodimir Zelenskinin bəyanatları ABŞ-də birmənalı qarşılanmayıb. Məlumata görə Londonda ABŞ-ni digər rəsmilər təmsil edəcək.
Avropa xarici işlər nazirliklərinin rəhbərlərinin Ukrayna ilə bağlı danışıqlar aparmaq niyyəti bir neçə gün əvvəl açıqlanıb. Toplantıya Kiyevdən nümayəndələrin dəvət edilməsi də nəzərdə tutulmuşdu. Ehtimal olunurdu ki, konfransda digər məsələlərlə yanaşı, münaqişənin həlli məsələsi də müzakirə olunacaq. Xarici KİV-in yaydığı məlumata görə, hətta ABŞ öz sülh planını ultimatum şəklində təqdim etməyə hazırlaşırdı. Bura Krımın Rusiya ərazisi kimi tanınması da daxil idi.
Tural Tağıyev
AzVision.az