YAP-ın bütün strukturları hərəkətə gətirildi

YAP-ın bütün strukturları hərəkətə gətirildi
  18 Avqust 2015    Oxunub:2704
Əli Əhmədov: `YAP-ın bütün yerli strukturları və fəalları hazırlıq prosesinə fəal cəlb olunub`
`Bu ilin noyabrında Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq işləri yekunlaşmaq üzrədir`. AzVision.az-ın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.

Ə. Əhmədovun sözlərinə görə, YAP-ın bütün yerli strukturları və fəalları hazırlıq prosesinə fəal cəlb olunub:

`Artıq bütün rayon və şəhər təşkilatlarında YAP-ın Mərkəzi Seçki Qərargahının şöbələri yaradılıb. Burada partiyanın fəalları, seçki təcrübəsi olan insanlar fəaliyyət göstərirlər`.

`YAP-ın parlament seçkilərində böyük uğur qazanması üçün obyektiv şərtlər mövcuddur. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatların, nəhəng quruculuq işlərinin uğurlu nəticələri, yekunda isə Azərbaycan vətəndaşının günü-gündən yüksələn sosial durumu, əhalinin rifahının yüksəlməsi, iqtisadiyyatın dinamik inkişafı, bölgələrin sosial-iqtisadi inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması və s. partiyamızın qələbəsini şərtləndirən əsas amillərdəndir`, - deyə Ə. Əhmədov vurğulayıb.

Qeyd edək ki, bu gün Qəbələ şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının Şəki-Zaqatala bölgəsi üzrə rayon şöbələrinin qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar birgə müşavirəsi keçirilib. Müşavirədə parlament seçkilərinə hazırlıq işləri barədə ümumi məsələlər müzakirə edilib. Müşavirədə ötən dövr ərzində görülmüş işlər haqqında məlumat verilib, qarşıda duran vəzifələrin icrası ilə bağlı görüləcək işlərdən bəhs edilib.

Müşavirədə həmçinin YAP-ın Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov və Şəki şəhər təşkilatının sədri Həsən Həsənov çıxış edərək seçki qərargahlarının iş prinsipi, görülən işlər, Mərkəzi Seçki Qərargahının tapşırıq və tövsiyyələrinin icrası vəziyyəti haqqında ətraflı məlumat veriblər. Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov müşavirədə çıxış edib.

Elvin Abdulqədirov

AzVision.az


Teqlər:  





Xəbər lenti