XİN daha bir nəfəri "persona non qrata” elan edəcək

XİN daha bir nəfəri "persona non qrata” elan edəcək
  20 Avqust 2015    Oxunub:2158
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) “Nezavisimaya Gazeta”da avqustun 19-da yayımlanmış Anton Yevstratovun “Колокольни и минареты Карабаха” adlı məqaləsinə münasibət bildirib.

AzVision.az-ın məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, müəllif tərəfindən sifariş əsasında hazırlandığı aydın şəkildə görünən bu məqalədə siyasi, hüquqi, tarixi və dini əsasda saxtakarlığa yol verilib:

“Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim vardır ki, bu da yalnız işğal və təcavüzün nəticəsidir. İşğal olunmuş ərazilərin əhalisinin 99,9 faizinin eyni dindən olan ermənilərin təşkil etdiyini yazan müəllif əslində yerli azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qaldığını bir daha təsdiq edir. Müəllifə xatırlatmaq istərdik ki, münaqişədən əvvəl 1988-ci ildə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisinin 74 faizini ermənilər, 24 faizini azərbaycanlılar, 2 faizini isə ruslar və digər xalqlar təşkil edirdilər. İndi isə yalnız ermənilərdən ibarət mono etnik tərkibdir. Ermənilər Cənubi Qafqaz regionuna yad və gəlmə olduqları halda, erməni kilsəsinin Qarabağda və indiki Ermənistan ərazisindəki “tarixi” rolundan danışmaq cəfəngiyatdır. Gəncəsar monastırının adını təhrif edərək yazan müəllif çox vacib bir məqamın üstündən ötməyə çalışır. Gəncəsar monastırı sırf “erməni” monastırı kimi yaradılmışdısa, niyə bu məbədi tikdirmiş Həsən Cəlal tikilinin üstündə “mənim alban xalqım” üçün ucaldılmış “Albaniya paytaxt məbədi” yazdırmışdı? Eləcə də Qarabağın dağlıq hissəsinin xristian əhalisi rus çarı I Pyotra məktubunda özlərini alban adlandırmışdılar”.

H.Hacıyev vurğulayıb ki, əsrlər boyu alban kilsəsi ilə mübarizə aparan erməni kilsəsi planlı şəkildə onu özünə tabe etməyə, sonralar isə ləğv etməyə çalışıb:

“Alban yazılı mənbələri 1836-cı ildə rus Sinodunun qərarı ilə alban kilsəsi erməni kilsəsinə tabe ediləndən sonra məhv edilib. Ümumiyyətlə, regionda erməni kilsəsinin rolundan danışan müəllifə elə Çar Rusiyasına qarşı terror siyasəti apardığına görə 1903-cü ildə erməni kilsəsinin əmlakının müsadirə olunması haqqında fərmanı xatırlatmaq yerinə düşər.
Müəllif işğal edilmiş ərazilərdə Azərbaycan xalqının İslam dininə aid maddi-mədəni irsini də təhrif edir. Ermənistan ərazisində Azərbaycan xalqına məxsus Dəmirbulaq məscidi tamamilə məhv edilmişdir. Azərbaycanın İslam mədəniyyətinə və memarlığına verdiyi zəngin irsin bir hissəsi olan işğal olunmuş Ağdam rayonundakı Cümə Məscidi və Şuşadakı Yuxarı Gövharağa Məscidi vandalizmə və təhqirlərə məruz qalıb. Məqalədən göründüyü kimi, müəllif qeyri-qanunu əsasda Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək, Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında” qanununu pozub və sifarişli əsasda Azərbaycanın tarixinin saxtalaşdırılması və qondarma rejimin təşviqi ilə məşğuldur. Müvafiq araşdırma aparıldıqdan sonra müəllifin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək”.

AzVision.az


Teqlər:  





Xəbər lenti