Beynəlxalq Bank tam özəlləşdiriləcək

Beynəlxalq Bank tam özəlləşdiriləcək
  13 Oktyabr 2015    Oxunub:2907
İlin sonuna kimi orta illik inflyasiya birrəqəmli səviyyədə qalacaq

“Azərbaycan Beynəlxalq Bankının səhmlərinin dövlətə məxsus hissəsinin özəlləşdirilməsinin icrası istiqamətində müvafiq tədbirlər görülür”.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, sağlamlaşdırma çərçivəsində ABB-nin alacağı vəsaitlər kreditləşmənin həcmini artırmağa, faiz dərəcələrini azaltmağa, sosial iqtisadi proqramlar, o cümlədən ipoteka proqramına qoşulmasına imkan verəcək.

Baş bankir qeyd edib ki, bank sektoru ən pis ssenaridə ödəniş qabiliyyətini qoruyub saxlayacaq. E. Rüstəmov bildirib ki, ilin əvvəlindən Mərkəzi Bankın tövsiyyəsi ilə 110 minə yaxın kredit restruktizasiya edilib: “Bu da əhalinin borc yükünün yumşaldılmasına xidmət edir. Bəzi uzanma dövründə bəzi banklar faiz almırlar. Hesab edirəm ki, banklar bu prosesdə daha fəal olmalıdırlar”.

O, bildirib ki, hazırda banklar iqtisadiyyatı kreditləşdirməkdə davam edir: "İl ərzində 7,5 mlrd. manat o cümlədən 5 mlrd. biznes krediti verilib. Problemli kreditlərin cəmi kredit portfelində xüsusi çəkisi 6,5%-dir. Beynəlxalq standartlara görə kapital adekvatlılığı 8% olduğu halda, Azərbaycanda bu göstərici 17%-dir.

Baş bankir qeyd edib ki, bank sektorunun məcmu kapitalı son ildə 2 dəfə artaraq 4,2 mlrd. manata çatıb: “Likdvidlik tələbi 2 dəfədən çox üstələyir. Stress testlər göstərir ki, bank sektoru ən pis ssenaridə ödəniş qabiliyyətini qoruyub saxlayacaq”.

“2016-cı ildə kreditə çıxış imkanlarının genişləndirlməsi diqqət mərkəzində saxlanılacaq. Real sektorun xüsusilə, kiçik və orta sahibkarlığın maliyyə çıxışını artımaq üçün yeni təşəbbüslər göstəriləcək. Faizlərin azaldılması ilə bağlı banklarla aktiv dialoq davam etdiriləcək”- deyə E. Rüstəmov bildirib.

O, əlavə edib ki, ipotekanın genişlənsirilməsi də prioritetlərdəndir: “İpoteka Fondunun xətti ilə indiyədək 17 min 500 ailəyə 700 mln. manatdan artıq kredit verilib. Banklar tərəfindən də yarım mlrd. artıq ipoteka krediti verilib”.

“İlin sonuna ölkədə orta illik inflyasiya birrəqəmli səviyyədə qalacağı gözlənilir” - deyən Elman Rüstəmov qeyd edib ki, 2016-cı ildə Mərkəzi Bankın yürüdəcəyi pul siyasəti hökumətin inflyasiya üzrə proqnozunun (təxminən 4% səviyyəsində) reallaşmasına dəstək verəcək.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti