Terror Fransaya milyardlarla ziyan vuracaq

Terror Fransaya milyardlarla ziyan vuracaq
  14 Noyabr 2015    Oxunub:2312
Ötən gün Fransadakı baş verən terror hadisəsi bu ölkəyə milyardlarla ziyan vuracaq.
“Ötən il 47 milyon ziyarətçini yalnız Paris şəhərinə cəlb edən iri turizm sənayesi Fransada baş verən terror hadisəsindən sonra bu il ölkədə ən çox itki verən sektor olacaq. Dünyanın 6-cı güclü iqtsiadiyyatına malik olan ölkədə bu gecə baş verənlər beynəlxalq bazarlara da təsirsiz ötüşməyəcək”.

AzVision.az xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

İqtisadçı bildirib ki, bu hadisənin həm ölkə iqtisadiyyatına, həm də dünya bazarlarına təsirləri birbaşa və dolayı olmaqla ikili xarakter daşıyacaq:

“Bu terror aktından birbaşa təsirlənən turizm, nəqliyyat, mehmanxana, ictimai iaşə və ticarət sektoru olacaq. Bu hadisə dolayı yolla dövlət və özəl bölmədə təhlükəsizlik, sığorta, bir sözlə anti-terror xərclərinin artırılmasına şərtləndirəcək ki, bu da bütövlükdə Fransa iqtisadiyyatında məhsuldarlıq göstəricilərini aşağı salacaq. Nəticədə ötən il staqnasiya dövrünü yaşayan Fransa iqtisadiyyatında bu il müşahidə olunan canlanma son terror aktından sonra yenidən tənəzzül dövrü ilə əvəzlənə bilər.
Dünya iqtisadiyyatına gəlincə, bu terror aktından ən çox təsirlənən hazırda həssas olan qiymətli kağızlar və valyuta bazarı ola bilər.

Xüsusilə də psixoloji təsirlər nəticəsində fond birjasında Fransa şirkətlərin məxsus qiymətli kağızların və avronun dəyərini itirməsi müşahidə edilə bilər. Xammal birjaları arasında isə bu hadisədən az da olsa təsirlənən enerji bazarı ola bilər. Belə ki, bu hadisənin təsirindən artan təklifin hesabına son günlər ucuzlaşan xam neftin qiymətində azacıq da olsa balaşma müşahidə oluna bilər”.

Qeyd edək ki, hesablamalara görə, 11 sentyabr terrorundan ABŞ iqtisadiyyatına dəyən birbaşa zərər 27,2 milyard dollar təşkil edib. Bu hadisə qlobal terrorizm indeksində Fransann mövqeyini pisləşdirəcək. Məlumat üçün qeyd edək ki, 2014-cü ildə Fransa dünyanın terrordan əziyyət çəkən 56-ci ölkəsi idi.

AzVision.az


Teqlər:





Xəbər lenti