İlham Əliyev otelin açılışında - FOTOLAR

İlham Əliyev otelin açılışında - FOTOLAR
  24 İyun 2013    Oxunub:2149
Bu gün Bakıda “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelinin açılışı olub.
AzVision.az xəbər verir ki, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər.

Dövlət başçısı “Fairmont Baku” otelinin rəmzi açılışını bildirən lenti kəsib.

Oteldə yaradılmış şəraitlə tanışlıq zamanı Azərbaycan prezidentinə və xanımına məlumat verilib ki, 784 yerlik mehmanxanada 319 nömrə var. Kompleksin 37 mərtəbəli mehmanxana qülləsinin hündürlüyü 163 metrdir. Buradakı konfrans, iclas, idman zalları, restoranlar və s. ən müasir standartlara cavab verir.

Sonra prezident otelin kollektivi ilə görüşüb, mehmanxanada yaradılmış şəraitdən məmnunluğunu bildirib.

"Bir daha sizi ürəkdən salamlayıram. Təxminən bir saatdır ki, "Fairmont" oteli ilə tanış oluram. "Fairmont" oteli sözün əsl mənasında möhtəşəm oteldir. Bakının, Azərbaycanın ən böyük, ən müasir otelidir və burada yaradılan şərait ən yüksək səviyyədədir. Şəxsən mən bundan daha gözəl, möhtəşəm, əzəmətli otel görməmişəm", - otelin kollektivini təbrik edən Prezident İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, Bakıda otellər çoxdur. Xüsusilə son iki il ərzində beşulduzlu otellər tikilmişdir. Azərbaycan, Bakı bu baxımdan fərqlənir. Çünki ikinci belə şəhər yoxdur ki, iki il ərzində beşulduzlu altı otel tikilsin. Bu otellərin hamısı ən məşhur otel brendlərini təmsil edir:

"Yadımdadır, mən hər bir otelin açılışında şəxsən iştirak etmişdim. Hər dəfə yeni otelin açılışı məni çox sevindirir. Çünki bu, şəhərimizə, ölkəmizə qoyulan investisiyalardır, şəhərimizin inkişafıdır, Bakının gözəlləşməsidir. Bakı onsuz da gözəl şəhərdir. Ancaq yeni otellər şəhərimizi daha da gözəlləşdirir. Bu gün Bakıda bütün məşhur otel brendləri vardır. Təkcə son iki il ərzində "Kempinski", "Hilton", "Jumeirah", "Marriott", "Four Seasons" və "Fairmont" otelləri açılmışdır. Bu, özlüyündə bir göstəricidir. Ölkəmizin inkişafını göstərir. Azərbaycana investisiya qoyuluşunun istiqamətlərini göstərir. İnvestorların Azərbaycanın bu gününə və sabahına inamını göstərir. Bir sözlə, ölkəmiz inkişaf edir".

Prezident bildirib ki, belə möhtəşəm, gözəl otellərin tikintisi Azərbaycanın gücünü göstərir. Çünki indi ölkəmizin inkişafı çoxşaxəlidir. Qeyri-neft sektorumuz da uğurla inkişaf edir. Bu ilin beş ayında Azərbaycanda qeyri-neft sektoru 11 faiz artmışdır: "Bu da hesab edirəm ki, dünya miqyasında ən yüksək göstəricidir. Otellərin tikintisi əlbəttə ki, ölkədə gedən ümumi proseslərin təzahürüdür. Çünki əgər ümumi inkişaf olmasaydı və Azərbaycan indi dünya mərkəzlərindən birinə çevrilməsəydi, bu otellərin tikintisinə ehtiyac olmazdı. Burada əlbəttə ki, mən investorların fəaliyyətini yüksək qiymətləndirirəm. Dünyada ən məşhur olan otellər brendlərini də salamlayıram və onlara minnətdarlığımı bildirirəm ki, onlar öz fəaliyyətini Azərbaycanda başlayırlar. Əminəm ki, onların fəaliyyəti uğurlu olacaqdır. Çünki Bakı, bir daha demək istəyirəm ki, indi dünya mərkəzlərindən biridir, həm siyasi, həm iqtisadi və mədəni cəhətdən. Bakıda demək olar ki, hər həftə mötəbər beynəlxalq tədbirlər keçirilir. Beləliklə, yeni otellərin tikilməsinə də ehtiyac yəqin ki, olacaqdır".

İlham Əliyev deyib ki, "Fairmont" oteli isə sözün əsl mənasında möhtəşəm bir oteldir. Daxili dizayn zövq oxşayır. Burada hər şey çox böyük zövqlə yaradılıbdır. Hər şey qonaqların rahatlığına hesablanıbdır. Gözəl otaqlar, geniş ictimai yerlər, konfrans mərkəzi, istirahət zonaları, dizayn çox gözəldir. Əlbəttə ki, otelin xarici görünüşü də möhtəşəmdir. "Fairmont" oteli və "Alov qüllələri" Bakının yeni simvoludur:

"Bakımızın qədim simvolları vardır ki, biz haqlı olaraq onlarla qürur duyuruq. "Qız qalası" Bakının simvoludur, İçərişəhər nadir memarlıq abidəsidir. Bulvar yüz ildən çoxdur ki, fəaliyyət göstərir. Bunlar Bakının köhnə və qədim simvollarıdır. Müstəqillik dövründə Bakının yeni simvolları da yaradılmışdır. Onların arasında mən Heydər Əliyev Mərkəzini qeyd edə bilərəm. Yuxarı mərtəbələrdən Heydər Əliyev Mərkəzi də görünür. Bu da nadir bir memarlıq əsəridir. Dünya miqyasında bunun analoqu yoxdur.

Bayraq Meydanı müasir dövlətimizin simvoludur. Azərbaycanın müstəqilliyini əks etdirən möhtəşəm Bayraq Meydanının da dünyada analoqu yoxdur. Yeni bulvar, hesab edirəm ki, Bakının yeni simvoludur. Digər binalar müasir şəhərimizi təcəssüm etdirir və onların içində əlbəttə ki, "Alov qüllələri"nin xüsusi yeri vardır. Təsadüfi deyildir ki, indi müxtəlif beynəlxalq tədbirlərdə, Azərbaycanın xaricdəki müxtəlif tədbirlərində "Alov qüllələri" bir simvol kimi əks etdirilir. Bu, doğrudan da nadir memarlıq əsəridir, dünyada analoqu yoxdur və şəhərimizin ən gözəl yerlərindən birində böyük zövqlə və böyük məhəbbətlə tikilibdir.

Əlbəttə, "Fairmont" otelinin belə bir yerdə fəaliyyətə başlaması məni sevindirir. Çünki "Fairmont" otellər qrupu dünyanın ən qabaqcıl qruplarından biridir və əminəm ki, Azərbaycanda bu otelin uğurlu fəaliyyəti təmin ediləcəkdir. Bu otelin açılması, eyni zamanda, turizm sektorunun inkişafına da təkan verəcəkdir. Əminəm ki, məhz burada qalmaq üçün turistlər gələcək ki, buranı görsünlər. Çünki "Alov qüllələri" indi dünyada məşhur bir memarlıq abidəsidir. Əminəm ki, burada qalmaq üçün gəlmək istəyənlərin sayı çox olacaqdır".

Dövlət başçısı vurğulayıb ki, turizmin inkişafı Azərbaycanda sürətlə gedir. İldən-ilə turistlərin sayı artır: "Şadam ki, təkcə Bakıda deyil, başqa yerlərdə də turizm kompleksləri, həmçinin "Şahdağ" kompleksi açılmışdır. Bu qış mövsümündə orada artıq beş otel fəaliyyət göstərəcəkdir. Yəni, bu, ölkəmizin ümumi inkişafını göstərir. Ölkəmiz sürətlə inkişaf edir. Bütün sahələr, o cümlədən tikinti, turizm sahələri inkişaf edir. Bir daha demək istəyirəm ki, Azərbaycanda belə möhtəşəm binaların, otellərin tikilməsi və fəaliyyətə başlaması ölkəmizin ümumi inkişafının təzahürüdür.

Əminəm ki, siz - bu oteldə çalışanlar qonaqlara yaxşı xidmət göstərəcəksiniz. Əminəm ki, ölkəmizin inkişafına öz dəstəyinizi, töhfənizi verəcəksiniz. Şübhə etmirəm ki, qonaqlar burada qayğı ilə, diqqətlə əhatə olunacaq, həm buradan açılan mənzərədən, həm də burada yaradılmış şəraitdən zövq alacaqlar. Bir daha sizi ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram".

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti