Əhali pulunu niyə yastığın altında saxlayır?

Əhali pulunu niyə yastığın altında saxlayır?
  18 Noyabr 2015    Oxunub:3535
Mərkəzi Bankın sədri Elman Rüstəmov ötən gün mətbuata maraqlı açıqlama verib. Ölkənin baş bankiri bildirib ki, Azərbaycanda əhalinin əksər hissəsi öz pullarını banklarda yox, evdə, yastığın altında saxlamağa üstünlük verir.
“Azərbaycanlılar həmişə sanballı miqdarda nağd pul saxlamağı xoşlayıblar. Yəni insanlar bank sektoruna və kredit kartlarına o qədər də etibar etmirlər. Təsəvvür etmək çətindir ki, hansısa amerikalı cibində 10-20 dollardan artıq nağd pul saxlayar. Xırda kupyurlar ona çaypulu verməyə lazımdır, bütün qalan ödənişlərini isə bank kartı ilə həyata keçirir. Ona görə də pullar həmişə dövriyyədədir. Azərbaycanda isə yaxşı qazancı olan istənilən şəxsin cibində yəqin ki, azı bir neçə yüz manat tapmaq olar. Üstəlik daha bir neçə min dolları da hər ehtimala qarşı evində saxlayır. Vətəndaşlar hazırda 50 və 100 manatlıq kupyurları da kütləvi şəkildə yığıb saxlayırlar”-deyə E.Rüstəmov müsahibəsində qeyd edib.

Baş bankirin müzakirələrə səbəb olan bu açıqlamasından sonra ortaya sual çıxır ki, insanlar pullarını niyə bankda deyil, evdə saxlayırlar?



Elman Rüstəmovun fikrinə münasibət bildirən iqtisadçı-deputat Vahid Əhmədov AzVision.az-a açıqlamasında bildirib ki, insanlar devalvasiyadan sonra banklara etibar eləmir: “Devalvasiyadan sonra bəzi bankların fəaliyyətində ciddi problemlər yarandı. İnsanlar buna görə də öz pullarını banklara etibar etmirlər”.

İqtisadçı deputat bildirib ki, bankar insanların etibarını geri qaytarmalıdır: “Son hadisələrdən sonra müəyyən banklarda yoxlamalar aparıldı, onlar arasında bağlananlar da oldu. Bəzi banklarda hələ də problemlər var. İnsanların etimadığı doğrultmaq üçün əhali arasında təbliğat işləri görülməlidir”.

Deputatın fikrincə, bank sistemində ciddi islahat aparmaq lazımdır ki, əhali öz pulunu evində deyil, bankda saxlasın.

“Hazırda əhalidə külli miqdarda vəsait yoxdur. İnsanlara “gətir, əmanətini banka qoy” deməklə heç kim bunu edən deyil. Heç kim pulu aparıb banka vermək istməz. Banklar bir vaxtlar əmanətlərin faizini qaldırdılar və müəyyən qədər banklara axın oldu. İndi isə əmanətlərin faizlərini qaldırmaq olmur. Həmçinin bu məsələlər son zamanlar baş verən iqtisadi proseslərlə də bağlıdır”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti