Bir dəfə Amerikaya...

Bir dəfə Amerikaya...
  01 İyul 2013    Oxunub:1164
Etibar Hüseynov

Yadinizda olar yəqin, təxminən 20 il bundan əvvəl “Santa-Barbara” adlı bir “sabun operası” yayımlanmağa başladı və təxminən 5 il davam elədi. O vaxtlar mətbuatda bu serialdan cana doymuş bir gənc xanımın filmin rejissoruna müraciəti dərc olunmuşdu. Məktub cəmisi bir neçə cümlədən ibarət idi: “Orta məktəbi bitidim, ailə qurdum,oğlum oldu... Sizin serialsa bitmədi. Bəs deyilmi?!”
Hazırda Azərbaycanın siyasi səhnəsində də teleserial oynanılır və bu serial da nə az, nə çox, düz 20 ildir ki, davam edir. Ssenari eynidi, personajlar da demək olar ki, dəyişmir, yalnız aradabir rejissorlar dəyişir. İlkin süjet xətti “Demkonqres”, “SİDSUH”, “DUBB”, İctimai Palata və s. olan bu “sabun operası”nın davamını çəkmək işi bu gün Milli Şura adı altında yeni bir kinorejissora - Rüstəm İbrahimbəyova həvalə olunub. Amma həm filmdəki aktyorlar, həm də tamaşacılar bu uzun və duzsuz serialdan cana doyduğundan, artıq heç kəsdə maraq doğurmur.

Buna əsas səbəb isə qurumun sosial sifariş əsasında deyil, xaricdən gələn ssenari əsasında yaradılmasıdır. Adı “milli” olsa da, millilikdən əsər-əlamət görünmür. Uzunmüddətli hay-küydən sonra Şura nəhayət ki, təsis olundu. Amma təəsüf ki, bundan sonra qarşıdan gələn prezident seçkilərinə ciddi hazırlaşmaq, öz namizədini təqdim etmək, proqramını irəli sürmək əvəzinə, Milli Şura əhəmiyyətsiz işlərlə məşğul oldu. Sokratın məhşur sözü var, deyir, “susma, danış ki, sənin kim olduğunu bilim”. Milli Şura da fəaliyyət göstərdikcə ozünü faş edir, iç üzünü ortaya qoyur.

Təsis olunduqdan sonra adını “milli” qoyan şura xalqın içinə getmək, ondan dəstək almaq əvəzinə, üzünü xaricə tutdu. Rusiyadan vurub, Amerikadan cıxdı. Xalq arasında məhşur deyim var: dostunu mənə göstər, sənin kim olduğunu deyim. Bunlar da öz dostlarını göstərdilər. Artıq səsləri Azərbaycanin bölgələrindən deyil, Amerikadan gəlir. Sanki seçki bizdə deyil, Amerikada keçiriləcək və sanki bunlara da səsi Azərbaycan xalqı deyil, amerikalılar verəcəklər.

Ona görə də, ortaya haqlı bir sual cıxır: Budurmu sizin milliliyiniz, cənablar, budurmu sizin xalqa arxalanmağınız? Öz ana dilində danışa bilməyən, ömür boyu kino cəkmiş Rüstəm İbrahimbəyov 75 yaşından sonra millət dərdimi çəkməyə başladı. Ona görə də bütün baş verənləri diqqətlə izləyən Azərbaycan vətəndaşında onların xaricdən maliyyələşdirildiyi, xaricdən idarə edildiyi barədə şübhələri günü-gündən artır. Vaxtaşırı xaricə səfərlər edirlər. Amma bu səfərlər barədə adi açıqlama verməkdən belə imtina edirlər. İndi də Amerikaya gedəcəklərini bildirirlər.

Azərbaycanın 22 illik müstəqillik dövründə indiyədək keçirilən seçkilər onlara heç nə öyrədə bilməyib. Onlar hələ də dəstəyi Azərbaycan cəmiyyətindən yox, xaricdən almağa çalışırlar..Yenə də həmişə olduğu kimi Azərbaycan xalqıyla deyil, daha çox xarici qüvvələrlə görüşlər keçirməyə çalışırlar. Xarici ölkələrə edilən bu mütamadi səfərlər isə öz növbəsində çox mətləblərdən xəbər verir. Çünki onlaraı nə milli maraqlar, nə demokratiya, nə də vahid namizəd müəyyənləşdirmək maraqlandırır. Həmin qüvvələrin hər biri yalnız və yalnız öz namizədinin müxalifətin vahid namizədi olmasına nail olmağa çalışır.

Həm də Rüstəm İbrahimbəyovun özünü tez-tez müxalif kəsimin mənəvi lideri kimi aparması cəhdi həmin dairələrin özləri tərəfindən müsbət qarşılanmır. Elə həmin qüvvələrin nəzarətində olan bəzi qəzetlərdə də buna eyham, işarə vuran yazıların getməsi məsələnin nə yerdə olduğunu göstərir.

Hələliksə Milaya Şura serialının baş qəhrəmanları növbəti Amerika səfərinə hazırlaşırlar. Amma gəlin onları da cox qınamayaq. Çünki seçkilərdə Azərbaycan xalqından səs əvəzinə üç barmağın həndəsi fiqurunu görəcəklərinə əmindirlər. Bu seckidən də onlara qalsa-qalsa, Amerikaya səyahət qalacaq. Necə deyərlər, donuzdan bir tük də qənimətdir.




Teqlər:  





Xəbər lenti