Əli Kərimlinin məxfi planı

Əli Kərimlinin məxfi planı
  09 İyul 2013    Oxunub:1493
Müxalifətin prezidentliyə vahid namizədi və Milli Şuranın (MŞ) sədri Rüstəm İbrahimbəyov bu gün (iyulun 8-də-red.) MŞ üzvlərinə müraciət göndərib. Onun müraciətində diqqəti iki mühüm detal cəlb edir. Birincisi, əvvəl də xəbər verdiyimiz kimi, R.İbrahimbəyov Rusiya vətəndaşlığından imtina etməsi məsələsinin rəsmiləşdirilməsini hələ də həll edə bilməyib. Çünki Rusiya qanunlarına və mövcud prosedura görə, bu məsələ 6 ay ərzində həll oluna bilər. R.İbrahimbəyov yazır: “Bununla bağlı sizə bildirirəm ki, mən artıq sovet vaxtından qalma ikinci vətəndaşlıq problemini həll edirəm”.

Deməli, problem hələ həll edilməyib! Kinorejissor özü də başa düşür ki, bu problem vahid müxalifətin yeni namizədinin irəli sürülməsi mövzusu ətrafında qızğın diskussiya və mübahisələri şərtləndirir. Xatırladaq ki, Müsavat başqanı İsa Qəmbər MŞ-nin R.İbrahimbəyovun namizədliyinin irəli sürüldüyü iclasında sanki bu təhlükəni əvvəlcədən duyaraq (hərçənd tamamilə mümkün və ağlabatandır ki, onda R.İbrahimbəyovun pasport problemi ilə bağlı dəqiq və dolğun informasiya olub) maraqlı bir açıqlama verdi. O dedi ki, R.İbrahimbəyovun vahid namizəd elan olunmasına baxmayaraq Müsavat Partiyasının İ.Qəmbərin namizədliyinin irəli sürülməsi barədəki 4 yanvar, 2013-cü il tarixli qərarı vahid namizədin MSK-da qeydiyyata alınacağı ana qədər öz qüvvəsində qalır.

Lakin R.İbrahimbəyov yanıldığını başa düşdü. O, Rusiya pasportu məsələsini yaxın aylarda həll edə bilməyəcəyini çətin ki, anlamamış olsun. Kinorejissorun narahatlığına diqqət yetirin, o, bəyanatındakı isterik notları gizlədə bilmir: “Hələ Milli Şura vahid namizədini irəli sürməmişdən əvvəl, Musavat Partiyası və KXCP özünün başqa namizədlərini müəyyənləşdirmişdilər. Mən bir neçə dəfə bu fikri səsləndirmişəm ki, Milli Şuradan olan vahid namizəd qeydiyyata alınmayacağı təqdirdə bu qurumda başqa partiya və hərəkatların irəli sürə biləcəyi bir neçə layiqli namizəd var. Bu da demokratik qüvvələrə qarşıdakı seçkilərdə iştirakı təmin etmək imkanı yaradacaq.

Lakin bu məsələyə başqa yanaşma da var: indiki situasiyada həmin yanaşma mənə daha məqsədəuyğun, ən başlıcası isə, daha effektiv görünür. İş elə gətirib ki, Milli Şura vahid namizəd kimi məni göstərib, bu səbəbdən də mənim başqa namizədləri öz iddialarını geri götürməyə çağırmağım etik mülahizələrə görə çətindir. Hər kəs bunu dərk edir ki, demokratik qüvvələr seçkiyə vahid namizədlə getməlidir. Bu halda Milli Şura və Azərbaycanın demokratik ictimaiyyəti maksimum iradə və qətiyyət göstərməlidir ki, vahid namizəd qeydiyyata alınsın. Əslində bu namizədin qeydiyyatına mane olmaq üçün heç bir qanuni əsas yoxdur və ümid edirəm ki, olmayacaq da”.

İbrahimbəyov belə yazır və dərhal da əlavə edir ki, onun namizədliyinin qeydə alınmasından imtina ediləcəyi təqdirdə MŞ hakimiyyətin özbaşınalığı ilə aktiv mübarizə aparmalı, hakimiyyəti konstitusiya ilə, xalqın iradəsi ilə, ölkənin beynəlxalq öhdəliklərii lə hesablaşmağa məcbur etməlidir.

Müxalifətdaxili qüvvələrin nisbətini təhlil etsək görərik ki, MŞ bu gün üç qruplaşmaya bölünüb:

1) İbrahimbəyov-Əli Kərimli dueti;
2) İsa Qəmbərin partiyası;
3) Lalə Şövkətin koalisiyası.

R.İbrahimbəyovun müxalifətin vahid namizədi kimi irəli sürülməsinin əsas təşəbbüskarı və ssenaristi məhz AXCP sədri Əli Kərimli olub. Məlumatlı mənbələrin xəbərinə görə, MŞ-nin yaradılması və vahid namizəd barədə qərar qəbul olunması ərəfəsində bir tərəfdən, Ə.Kərimlinin, digər tərəfdən isə R.İbrahimbəyovla Eldar Namazovun iştirakı ilə intensiv məsləhətləşmələr aparılıb. Bu məsləhətləşmələr nəticəsində strateji ittifaqın yaradılmasına qərar verilib. Gələcək fəaliyyət planının və üçlər ittifaqının yaradılması məsələsinin müzakirəsi zamanı bu fakt da nəzərə alınıb ki, Müsavat başqanı İ.Qəmbər bu ittifaqa qoşulmaya və öz oyununu oynaya bilər. Çünki İ.Qəmbər və tərəfdarları hələ İctimai Palata çərçivəsindəki debatlarda Ə.Kərimlini və onun Cəbhəsini vahid namizəd kimi məhz müsavatçıların liderini dəstəkləməyin vacibliyinə inandırmağa çalışırdılar. Onlar buna axıra qədər səy göstərmişdilər. Lakin Ə.Kərimli belə hesab edirdi ki, milli-demokratik müxalifətin seçkidə hakimiyyətə güclü müqavimət göstərmək üçün kifayət qədər resursları və elektoral bazası yoxdur. Bundan başqa, Ə.Kərimli ilə İ.Qəmbərin bir-birinə yumşaq desək, düşmən münasibət bəsləməsi də hamıya məlum olan həqiqətdir. Onların emosional qərarları bəzən şəxsi xarakterli motivlər tərəfindən diktə olunur.

AXCP sədri aşağıdakı modeli təklif etdi: məhz İbrahimbəyov kimi neytral fiqur pərakəndə və dağınıq vəziyyətdə olan bütün müxalif qüvvələri vahid mərkəzdə birləşdirməyə imkan verər, bu isə Əliyevin hazırkı rəqiblərinin elektoral bazasını və sosial dayaqlarını əhəmiyyətli dərəcədə genişləndirməyə yol açar.

İ.Qəmbərin MŞ-yə qoşulmaqdan başqa çarəsi qalmadı. Hərçənd ki, o, bu qərarla daxilən qətiyyən razı deyildi. İ.Qəmbərin komandasının əsas funksionerləri, o cümlədən Pənah Hüseyn, Rauf Arifoğlu, Arif Hacılı (A.Hacılı sonradan quruma daxil oldu-red.) və digərləri Kərimli-İbrahimbəyov layihəsinə hər halda qoşulmadılar. Onlar müxalifətin MŞ-də birləşməsinə axıra qədər etiraz etdilər. Onlar İ.Qəmbərin seçkidə müstəqil qüvvə kimi iştirakı variantı üzərində israr edirdilər. Lakin İ.Qəmbər taktiki gediş elədi. Görünür, o, R.İbrahimbəyovun hüquqi probleminin (Rusiya pasportu məsələsi) olmasından şübhələnmişdi. R.İbrahimbəyovun namizədliyinin qeydə alınmasından imtina ediləcəyi təqdirdə MŞ-nin İ.Qəmbərin namizədliyini dəstəkləməkdən başqa çıxış yolu qalmayacaq. Belə bir sabotaj halında İ.Qəmbər öz rəqiblərini təmiz oyun oynamamaqda və əvvəllər olduğu kimi, ümumi maraqlardan üstün tutulan şəxsi iddilarını önə sürməkdə ittiham etmək üçün gözəl şans qazanacaq.

Ə.Kərimli ilə yanaşı narazı elektorat arasında böyük nüfuzu olan digər müxalifət liderinin - Lalə Şövkətin də İ.Qəmbərə şəxsi nifrəti var. Ə.Kərimlinin çoxsaylı cəhdlərinə baxmayaraq İctimai Palatanı Lalə Şövkətin tərəfdarları hesabına bir qədər də genişləndirmək üçün bu iki siyasətçini heç olmasa formal şəkildə də olsa barışdırmaq mümkün olmayıb.

Lakin İbrahimvəyov-Kərimli koalisiyası İ.Qəmbərin namizədliyinin irəli sürülməsi ideyasını nəzərdən keçirməyə heç bir halda,- hətta İbrahimbəyovun namizədliyinin qeydə alınmasından imtina ediləcəyi təqdirdə də! - hazırlaşmır. İbrahimbəyov bugünkü bəyanatı ilə faktiki olaraq məhz özünün namizədliyinin qeydə alınması naminə sona qədər mübarizə aparmağın zərurətini qabartdı və buna açıq mətnlə çağırış etdi. O, İ.Qəmbəri hətta az qala öz ambisiyalarından imtina etməyə də çağırdı.

Başında İbrahimbəyov dayanan koalisiyanın əsas beyin mərkəzi Ə.Kərimlinin fiquru üzərində qurulub. Kinorejissoru İ.Qəmbərin namizədliyi məsələsinin ümumiyyətlə gündəmə gətirilməməsinə və nəzərdən keçirilməməsinə nail olmaq üçün bütün mümkün vasitələrdən istifadə etməyin vacibliyinə məhz Ə.Kərimli inandırır. Ə.Kərimli İ.Qəmbərin MŞ-dan çıxıb seçkiyə müstəqil şəkildə qatılmasında hamıdan çox maraqlıdır. Bu, AXCP sədrinə Müsavata qarşı yeni cəbhə açmağa və İ.Qəmbəri və ətrafını ictimai rəyə hakimiyyətlə bağlı qüvvə kimi təqdim etməyə imkan verərdi. Ə.Kərimlinin uzağa gedən məqsədləri var. Seçkidə məğlubiyyətin baş verəcəyi təqdirdə AXCP sədri öz minimum məqsədinə çatır. O, İ.Qəmbəri ləkələyib gözdən salır, Müsavat başqanı isə 2013 seçikilərindən sonra axırıncı reanimasiya və reabilitasiya şanslarını da itirir.

MŞ-nin yaradılmasına hələ xeyli qalmış İbrahimbəyovla Kərimli arasındakı məsləhətləşmələrin gedişində ciddi və möhkəm bir razılıq əldə edilib. Tərəflər müxalifətin “Yol xəritəsi” və Əliyev hakimiyyətinin devrilməsindən sonra yaranacaq gələcək müvəqqəti hökumətin strukturu ətfaındakı müzakirə və məsləhətləşmələrin gedişində belə razılığıa gəliblər ki, səlahiyyətləri 2015-ci ildə başa çatacaq gələcək prezident R.İbrahimbəyov başında Ə.Kərimli dayanan hökumət kabinetini parlamentə təqdim etsin. Bu isə Cəbhənin liderini 2015 prezident seçkilərində ali kürsüyə aparan yolunu açacaqdı...

Yəni R.İbrahimbəyov artıq bu gün də Ə.Kərimli ilə sıx ittifaq halında işləyir. Bunu MŞ sədrinin İ.Qəmbəri öz namizədliyini geri götürməyə çağıran bugünkü bəyanatı da bir daha təsdiqləyir. İbrahimbəyov-Kərimli dueti üstəlik hələ Lalə Şövkət qrupu tərəfindən də dəstəklənir.

Lakin bu duetin planları baş tutacaqmı? Qarşıdan gələn seçkinin taleyi daha çox Rusiya hakimiyyətinin iradəsindən və mövqeyindən asılı vəziyyətə düşüb. Rusiya İbrahimbəyovun vətəndaşlıqdan imtinasını tez rəsmiləşdirəcəkmi? Bu sualın cavabını yalnız Kremldə bilirlər...

Virtualaz.org


Teqlər:





Xəbər lenti