Təyyarə qəzasında xəsarət almış 4 nəfər Aktauda reanimasiyadadır

 Təyyarə qəzasında xəsarət almış  4 nəfər  Aktauda reanimasiyadadır
  27 Dekabr 2024    Oxunub:398
Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət almış 4 nəfər Mangistau Regional Multidissiplinar Xəstəxanasında reanimasiyadadır.
Bu barədə TASS regional səhiyyə idarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qəzadan sağ çıxan sərnişin stüardessanın şücaətindən danışdı
"Hazırda Aktauda qəzasda xəsarət almış 6 xəstə xəstəxanada müalicə olunur. Dörd nəfər hələ də reanimasiyadadır. Onlardan birinin vəziyyəti çox ağırdır. Üç nəfərin vəziyyəti isə ağır qiymətləndirilir", - məlumatda qeyd edilib.

Bundan başqa, iki xəstə travmatologiya şöbəsində müalicəsini davam etdirir: “Bölgə multidissiplinar xəstəxanasında müalicə alan 6 xəstədən 3-ü Azərbaycan, digər 3-ü isə Qırğızıstan vətəndaşıdır”.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qəza   Təyyarə   Aktau  





Xəbər lenti