Ermənistan 33 azərbaycanlını gizlədir

Ermənistan 33 azərbaycanlını gizlədir
  09 İyul 2013    Oxunub:1411
Hazırda, Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi qeydiyyatında olan bir azərbaycanlı əsir Yerevanda saxlanılır.
“BQXK 2001-ci ildə əsir və girovluqda baş çəkdiyi 50 nəfər azərbaycanlının siyahısını Dövlət Komissiyasına təqdim edib. Sonradan həmin şəxslərdən 17 nəfərinin meyiti qaytarılsa da, 33 nəfərin taleyi qaranlıq qalıb. Halbuki yenə də qeyd edirəm bu şəxsləri BQXK-nın əməkdaşları öz gözləri ilə görüblər. İndi mən Ermənistanın hakimiyyət dairələrindən soruşuram. Bu 33 azərbaycanlı haradadır və onların sonrakı taleyini hansı məqsədlə gizlədirsiniz?”.

AzVision.az-ın məlumatına görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbəri Firudin Sadıqov bildirib.

F. Sadıqov qeyd edib ki, hazırda, Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi qeydiyyatında olan bir azərbaycanlı əsir Yerevanda saxlanılır. Bu, 1992-ci ildə Bakı şəhərində anadan olmuş, 2012-ci il iyul ayının 26-da Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan ordusunun əsgəri, Fərəcov Firuz Mirzə oğludur.

F.Sadıqov deyib ki, əsir-girovların azad edilməsi, itkinlərin axtarışı sahəsində Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq çərçivəsində işləyir.

”2008-ci ilin aprel ayında BQXK-nın Azərbaycandakı Nümayəndəliyi ilə Dövlət Komissiyası arasında «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə» çərçivə sazişi imzalanıb.

Sazişin əsas məqsədi münaqişə nəticəsində itkin düşmüş şəxslərlə bağlı ətraflı məlumatların toplanmasından, gələcəkdə naməlum meyit qalıqlarının ekspertizası və identifikasiyası zamanı bu məlumatlardan istifadədən ibarətdir. Başqa sözlə, itkin düşmüş şəxslərlə bağlı toplanmış məlumatlar, naməlum meyit qalıqlarının ekspertizası zamanı əldə olunan məlumatlarla tutuşdurulur və meyit qalığının kimə aid olduğu müəyyənləşdirilir. Hazırda bu proqramın reallaşdırılması sahəsində konkret işlər davam etdirilir.

AzVision.az





Teqlər:  





Xəbər lenti