Mənim uşaqlığım...

Mənim uşaqlığım...
  09 İyul 2013    Oxunub:8087
Cavid Təvəkkül

Heç yazmaq istəmirdim bu yazını, amma düşüncələrim və kinoya olan sevgim məni bu cümlələri yazmağa sövq etdi . Vicdanımın da rolu az olmadı bu yazının yazılmağında, ötüb keçənlər düşdü yadıma, yaşadığım hisslər,keçirdiyim həyəcanlar... Və mən həyatımda ilk dəfə öz filmim haqda yazmaq qərarına gəldim.
Filmdəki bütün obrazlar gəldi-keçdi gözümün önündən, Məmiş kişi, Habil, Qabil, Şəmməd dayı, polis və dünyaya özünün işıq saçan xırda gözlərindən baxan həmin o balaca Fosfor adam... Hamıdan inciyən, az danışan, hər şeydə gözəllik axtaran, daim ürəyini sorğu suala çəkən həmin o balaca oğlan...Kiçik kəndində böyük bir dünya yaradan balaca oğlan...Onun və babasının insanlardan yalnız zahiri görkəmlərinə - albinos olduqlarına –görə deyil, həm də daxili aləmləri ilə fərqli olduğunu çox sonralar dərk edən sevimli və balaca dostum...

Bəli, mənim balaca dostum... Bəlkə də o, elə mənim uşaqlığımdı...Heç vaxt baba nəvazişi görməyən, babası ilə əl-ələ tutub dağları,meşələri gəzməyən, babasının “Yüz yaşa,ancaq düz yaşa” nəsihətini eşitməyən uşaqlığım...

Bəlkə də bu mənim istəklərimdir... Bəlkə də mən bu məsləhətlərə və bu uşaqlığa çox ehtiyac duymuşam... Və bu film vasitəsilə ekranın o biri tərəfindən sevdiklərimə, məni anlayanlara,anlamayanlara babamın mənə demədiyi sözləri demişəm...

“Fosfor adam” filmi mənim filmimdir!..

Bu yaxınlarda tanışlarımdan biri mənə xəbər verdi ki, bəs səni məhkəməyə veriblər. Saytlarda bu barədə yazılan xəbəri oxudum və doğrusu bir az çaşdım. Ssenari müəllifinin müsahibəsinə,polisə ərizəylə müraciət edən adama təəccüb etdim...

Külək başqa tərəfdən əsməli idi, amma...
Düzü, bir az da təhqir olunmuş kimi hiss etdim özümü. Heç kim məndən heç nə soruşmur, heç kim mənim fikrimi öyrənmək istəmir. Amma “bu məmləkətttdə hər şey ola bilər” deyib gülümsədim...

Həmin filmin çəkilişləri zamanı ömrümdə ilk dəfə kino gününü qorxa-qorxa qeyd etdim, çünki film əjdahaları məni bu sahənin adamı hesab etmirdilər, adım çəkiləndə ağız büzürdülər,bəlkə indi də heç nə dəyişməyib . Amma onda bayram bayrama qarışdı,elə həmin ərəfələrdə, çəkiliş vaxtı qəflətən mənə digər çəkdiyim filmlərə görə üç festivaldan - Anapadan, Kazandan, İstanbuldan – dəvət gəldi... Mən xoşbəxt idim...Balaca fosfor dostum mənə baxıb gülümsəyirdi...

“Fosfor adam” filmini mən çəkmişəm!..

Bütün texniki və yaradıcı nöqsanları,qüsurlarıyla birlikdə bu mənim filmimdir.

Ey insanlar, mən öz dünyama görə sizə cavab verməyə borclu deyiləm, amma lazım gəlsə həyatım bahasına belə sevimli balaca dostumu darda qoymaram…

Ey insanlar, sizə filmin janrından danışmağa,obrazları açmağa və nəyəsə görə özümə bəraət qazandırmağa nə vaxtım, nə də həvəsim var…

Bir söz deyə bilərəm kitab oxumaq, filmlərə baxmaq lazımdır, arada bir gəzmək, görmək, sevmək, atılmaq,sevilib atmaq da...Hərdən insanlarla səmimi ünsiyyət qurmağa da ehtiyac var,hərdən içi dünyana qapılıb özünə suallar yağdırmağa da…

Ey insanlar, siz hər gün yaratmaq ağrısıyla yuxudan oyandınızmı heç, siz təxəyyülünüzdə canlandırdığınız hadisələri monitordan görüb uşaq kimi ağladınızmı ? Dəqiq bilirəm ki, yox...
Axmağam, gör kimdən nə soruşuram..?

Mənim filmim...

Çox yaxın adamlardan biri bu filmə baxandan sonra mənə demişdi ki, bu filmdə bir atmosfer var. Kinonu bilənlər bilir, bu nə deməkdi. O vaxt bu sözdən sonra uçmağa qanad tapmırdım.Elə indi də qanaq axtarıram, bilirsiniz niyə..? Uzaqlaşmaq, qaçmaq və həmin o balaca Fosfor adamın yanına getmək üçün...

Xatırlayıram,çəkilişlər bitdi, əvvəlcə aktyorları yola saldıq, sonra texniki heyəti, bir mən qaldım, bir də inzibatçı. Məktəbdə qalırdıq, elə həmən məktəbin pilləkənlərində əyləşib kəndə bir də baxdım. Gözlərimdən yaş gəldi, saxlaya bilmədim özümü. Niyə?... Çünki həmin an Məmiş kişiyə, Habilə, Qabilə, Şəmməd dayıya, polisə və dünyaya özünün işıq saçan xırda gözlərindən baxan həmin o balaca Fosfor adama yazığım gəldi... Düşündüm ki, bəs bundan sonra nə olacaq, nə edəcəklər mənsiz...İlk dəfə idi mən qəhrəmanlarımdan ötrü darıxırdım,onlar üçün üzüldüm, ağladım...

Onların hər birinin ayrı ayrılıqda sevirəm və demək istəyirəm ki, mən sizin Cavidəm və məni Cavid edən səbəblərdən biri də sizsiniz...

Deyəsən çox uzun oldu...
Kiçik bir hadisə düşdü yadıma. Deməli, Rüstəm İbrahimbəyovun kino məktəbinə imtahan veririk, hərəmiz inşa tipli bir yazı yazmalıydıq. Mən yazdım verdim, adını da “ O film çəkəcək?”qoydum.

İmtahanın sonuncu mərhələsində Rüstəm müəllimin özüylə görüşdük. Növbə mənə çatanda otağa daxil oldum, Rüstəm müəllimlə Cəmil müəllim yanaşı oturmuşdular,Nadejda xanım isə onlardan bir az aralı vərəqlərə baxırdı. Rüstəm müəllimin əlində mən yazdığım yazı...Cəmil müəllim mənə əyləşməyi təklif etdi, əyləşdim. Rüstəm müəllim baxışlarını mənim yazımdan çəkib eynəyinin altından mənə baxdı və gülümsəyərək dedi: “O, kino çəkəcək...”

Bu yaxınlarda başqa bir nəfər mənə dedi ki, bu filmi İTV-nin efirdən yığışdırıblar... Doğrusu, mən inanmaq istəmirəm və tez-tez tanışlarıma zarafatla deyirəm ki, mən öləndən sonra filmlərimin retrospektivini keçirərsiniz...

Sonda bu filmin yaranmasında əməyi keçən hər kəsə təşəkkür edirəm, əllərindən öpürəm.

Post.Scriptum. Mən bu yazını filmin qurluşçu rejissoru Cavid Təvəkkül kimi yox, sadəcə Cavid kimi yazdım...






Teqlər:  





Xəbər lenti