Fransa mətbuatı Kanndakı Azərbaycan günlərindən yazdı

Fransa mətbuatı Kanndakı Azərbaycan günlərindən yazdı
  10 İyul 2013    Oxunub:1398
Kannda keçirilən Azərbaycan mədəniyyəti günləri geniş işıqlandırılıb.

Fransanın kütləvi informasiya vasitələri ölkənin cənubunda hər il beynəlxalq kino festivallarının keçirildiyi Kann şəhərində iyulun 4-dən 7-dək təşkil olunan Azərbaycan mədəniyyəti günləri ilə bağlı tədbirləri geniş işıqlandırıb.

AzVison.az Azərtac-a istinadən xəbər verir ki, Fransanın cənub bölgəsində gündəlik nəşr olunan nüfuzlu "Nice-matin" qəzetində dərc edilən "Möhtəşəm atəşfəşanlıq" sərlövhəli məqalədə Protexnik incəsənət festivalı mövsümünün Azərbaycan mədəniyyəti günləri ilə başladığı diqqətə çatdırılır, möhtəşəm atəşfəşanlığın Kann şəhərinin fəxri qonağı Azərbaycanın şərəfinə təşkil edildiyi vurğulanır.


Qəzetin "Kann Festivallar sarayında Azərbaycan gözəlliyi bayram edilir" sərlövhəli yazısında isə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən konsertlərdən və "Arşın mal alan" filminin nümayişindən söhbət açılır, bu tədbirlərin Qafqazın mirvarisi olan Azərbaycanın qədim tarixi, zəngin mədəni dəyərləri, turizm imkanları barədə geniş məlumatın əldə olunmasında xüsusi əhəmiyyəti bildirilir.

Qəzetin "Azərbaycan Kannda" yazısında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində Fransanın bir çox şəhərlərində təşkil olunan sərginin Kannın məşhur Festivallar sarayında fəaliyyətə başladığı diqqətə çatdırılır. Sərgidə ən qədim pulların nümayişinin ölkəmizin zəngin tarixindən xəbər verdiyi, Odlar diyarının simvollarından biri olan Qız qalasının UNESCO-nun Ümumdünya Mədəni İrs siyahısına daxil edildiyi bildirilir.

Məqalədə sarayda Azərbaycan Dövlət simfonik orkestrinin uğurlu çıxışı qeyd olunur, kollektivin əsasının 1920-ci ildə dahi bəstəkarımız Üzeyir Hacıbəyli tərəfindən qoyulduğu, keçmiş Sovet İttifaqının ən yaxşı orkestrləri sırasında yer aldığı, vaxtilə ona məşhur bəstəkarlardan Rene Batonun və Otto Klemperenin dirijorluq etmələri barədə məlumat verilir.

Mədəniyyət günləri çərçivəsində "Natiq" ritm qrupunun və Dövlət rəqs ansamblının çıxışlarını diqqətə çatdıran məqalədə fransız tamaşaçıların Azərbaycanın zəngin mədəni dəyərləri arasında nağaraya xüsusi maraq göstərmələri, Azərbaycan folkloruna məxsus çalğı aləti olması, ritm qrupunun 2010-cu ildə Seulda keçirilən beynəlxalq festivalda müvəffəqiyyətlə çıxış etdiyi vurğulanır.

Azərbaycan muğamı və caz musiqisindən söhbət açılan verilişdə gənc cazmenlərdən Şahin Növrəsli və İsfar Sarabskinin beynəlxalq caz festivallarına müvəffəqiyyətli çıxışlarından bəhs olunub, ölkəmizin memarlıq abidələri, Bakının görməli yerləri, təkrarolunmaz təbiəti, turizm imkanları nümayiş etdirilib.

"Cezar.fr" və "artcotedazur" portallarında Heydər Əliyev Fondunun yaranmasından, Azərbaycan ilə Fransa arasında əməkdaşlığın qurulması və möhkəmlənməsi, iki xalqın bir-birinə yaxınlaşması istiqamətində fəaliyyəti, ölkəmizdə və xaricdə müxtəlif tədbirlər keçirdiyi, Fonda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın prezidentlik etdiyi, qurumun vitse-prezidenti Leyla Əliyevanın incəsənətə xüsusi maraq göstərdiyi və xarici ölkələrdə Azərbaycan incəsənəti ilə bağlı təşkil olunan sərgilərdə onun müəllifi olduğu əsərlərin böyük müvəffəqiyyət qazandığı diqqətə çatdırılır.

AzVision.az



Teqlər:  





Xəbər lenti