Erməni yalanlarını ifşa edən kitab - Fotolar

Erməni yalanlarını ifşa edən kitab - Fotolar
  30 May 2017    Oxunub:3540
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri, professor Seyid Sertçeliyin ermənilərin 1915-ci il hadisələri ilə bağlı əsassız iddialarını ifşa edən “Rus və erməni mənbələri işığında erməni problemi” ikicildliyinin Azərbaycan dilində çapdan çıxan versiyasının təqdimatı olub.
AzVision.az xəbər verir ki, təqdimat mərasimində nəşr haqqında bildirilib ki, ikicildlik "Meydana çıxma prosesi 1678-1914" və "1915-1923 müstəmləkə müharibəsi" əsərlərindən ibarətdir. "Turkish Petroleum Overseas Company Ltd" şirkətinin maliyyə dəstəyi ilə ərsəyə gələn əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulub.



Təqdimat mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral müəllif tərəfindən uzun illər boyu aparılan əsaslı tədqiqatlar nəticəsində qardaş xalqlarımızın tarixində ən mühüm dövrlərə aid ətraflı məlumat verən sanballı elmi əsərin ərsəyə gəldiyini vurğulayıb. Diplomat S.Sertçeliyin elmi əsaslarla, tarixi sənədlərlə ortaya qoyduğu bu həqiqətlərin erməni yalanları ilə mübarizə sahəsində güclü mənbə olduğunu bildirib. Səfir qeyd edib ki, biz gələcək nəsillərə tarixi olduğu kimi çatdırmalıyıq. Ermənilər türklər haqqında dünyaya yanlış məlumatlar çatdırmağa çalışırlar. Buna görə də qarşımızda çox mühüm vəzifə - erməni yalanlarını ifşa edərək əsl həqiqətləri dünyaya çatdırmaq dayanır. İkicildlik bu baxımdan böyük əhəmiyyət daşıyır.



Belə bir mühüm əsərin Azərbaycan dilinə tərcümə olunmasına görə "Turkish Petroleum Overseas Company Ltd" şirkətinin rəhbərliyinə minnətdarlığını bildirən səfir Erkan Özoral şirkətin ulu öndər Heydər Əliyevin müəllifi olduğu "Əsrin müqaviləsi"ndə iştirak etdiyini və həmin dövrdən ölkəmizdə fəallığı ilə seçildiyini vurğulayıb. Milli Məclisin səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Azərbaycan və türk xalqlarının tarix boyu erməni qəsbkarlarının zülmlərinə məruz qaldıqlarını xatırladaraq, bədnam qonşularımızın cinayətkar əməllərinin dünyaya çatdırılmasında belə əsərlərin önəmini yüksək qiymətləndirib. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun ölkələrimiz arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlıq etdiyini deyən Ə.Əmiraslanov belə bir sanballı əsəri ərsəyə gətirdiyinə görə professor Səid Sertçeliyə minnətdarlığını bildirib.



Kitabda əsrlər boyu yaşadıqları dövlətə - Osmanlı imperiyasına xəyanət edən ermənilərin yaratdıqları silahlı dəstələri ilə ruslar arasındakı münasibət və əlaqələr tarixi faktlar əsasında ətraflı şəkildə təqdim olunur. Moskva və Sankt-Peterburq arxivlərinin materialları əsasında yazılmış bu əsər erməni yalanlarını tarixi faktlar əsasında sübut etmək baxımından sanballı elmi mənbədir. İkicildlik heç bir kommersiya məqsədi güdülmədən Azərbaycanın rəsmi qurumlarına, tədris müəssisələrinə, digər ictimai təşkilatlara paylanılacaq.




Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Kitab   Türkiyə   Azərbaycan  





Xəbər lenti