“Lütfi Zadə Nobeldən yüksəkdə dayanır” - Məşhur alim

“Lütfi Zadə Nobeldən yüksəkdə dayanır” - Məşhur alim
  19 İyun 2017    Oxunub:4273
Azərbaycanda səfərdə olan ABŞ-ın Şimali Karolina Universitetinin professoru, Nobel mükafatı laureatı Aziz Sancar UNEC-də media mənsubları ilə görüşüb.
Bakını çox sevdiyini bildirən A.Sancar Azərbaycanda olmaqdan məmnunluğunu bildirib: “Bakını çox sevdim, gözəl və səliqəli şəhərdir. Hesab edirəm ki, burada çox səmərəli görüşlər keçirdim. Təhsil naziri, AMEA prezidenti ilə görüşdüm. Azərbaycanın alimlərinin zəngin biliyə malik olduqlarının, çox faydalı işlər gördüklərinin şahidi oldum”.

Nobel mükafatçısı Azərbaycanda nano-texnologiyalar sahəsində görülən işləri də yüksək qiymətləndirib. Jurnalistlərin diabet və xərçəng xəstəliyinin yaranması və müalicəsi haqqında suallarını cavablandırıb. Bildirib ki, diabet və xərçəng xəstəliyinin müalicəsi hələ də tam olaraq tapılmayıb. Diabetlə ən yaxşı mübarizə üsulu sağlam həyat tərzidir. Ancaq sağlamlığın qeydinə hər hansı bir xəstəliyə tutulmazdan öncə qalmaq lazımdır. Xərçəngdən qorunmaq üçün isə ən azından siqaretdən imtina etmək olar: “Dünyada xərçəng xəstəliyinin təqribən 30 faizi siqaret çəkməkdən yaranır. Qalan faizi üzərində isə dünya alimləri çalışır. Onlar müəyyən uğurlar əldə edirlər, ancaq xərçəng xəstəliyinin nə zaman aradan qalxacağını, tam müalicəsinin nə zaman tapılacağını söyləmək çətindir”. Son illərdə texnologiyaların inkişafı nəticəsində xərçəng xəstəliyinin artması ilə bağlı səslənən iddialara münasibət bildirən A.Sancar qeyd edib ki, bununla bağlı dünyada iddialar olsada da, sübut edəcək bir dəlil yoxdur.

Ömrünü elmə həsr edən alim “bir daha dünyaya gəlsəm, müəllimlik peşəsini seçərdim”, deyə bildirib: “Müəllimlik həqiqətən müqəddəs peşədir. Onlar millətin gələcəyini müəyyən edir”.

Nobelin əsas meyar olmadığını vurğulayan alim bu mükafatı almadan belə adının dərsliklərdə qeyd olunduğunu bildirib: “1982-ci ildən adım biokimya sahəsində dərsliklərdə çəkilir. Nobelə layiq görülməyim isə məni bu sahə ilə məşğul olmayan insanlara da tanıtdı. Bir alimin Nobelə layiq görülməməsi heç də elmə verdiyi töhfələri azaltmır. Məsələn, riyaziyyat üzrə Nobel mükafatı təqdim edilmədiyindən Lütfi Zadə bu mükafatı almayıb. Amma mən əminliklə sizə deyə bilərəm ki, Lütfi Zadə Nobeldən yüksəkdə dayanır. Mən onun kəşfi ilə iyirmi il öncə tanış olanda heyrətə gəlmişdim”.

Görüşün sonunda A.Sancar Azərbaycanda olmaqdan bir daha məmnun olduğunu bildirib: “Həyatımda dərin iz buraxan bir həftə yaşadım. Bunun üçün sizə minnətdaram!”.

Sonda Aziz Sancara üzərində xarı bülbül simvolu olan eksklüziv Qarabağ qalstuku hədiyyə olunub.

AzVision.az


Teqlər: UNEC   Əziz-Sancar  





Xəbər lenti