Kamal Abdulla: “Məhəbbət iki tərəfli olmalıdır” - MÜSAHİBƏ

Kamal Abdulla: “Məhəbbət iki tərəfli olmalıdır” - MÜSAHİBƏ
  23 İyun 2017    Oxunub:40293
“Tələbə ilə mənim aramda heç kim dura bilməz”
“Bu işə könül xoşluğu ilə başladım…”

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdullanın AzVision.az-a müsahibəsi:

- Prezidentin sərəncamı ilə yenidən təhsil sahəsinə qayıtdınız. ADU-nun rektoru olmaq sizin üçün gözlənilən idimi?

- Əmək fəaliyyətimin istiqamətlərini prezident İlham Əliyev müəyyənləşdirdi. O, lazım bildi ki, müəyyən müddətdə Azərbaycanın millətlərarası, dini və multikulturalizm məsələləri üzrə dövlət müşaviri çalışım. Bu, mənim üçün böyük dərs idi. Vətənpərvərlik, Azərbaycançılıq, Azərbaycan siyasətinin əsas istiqamətlərindən biri olan multikulturalizm dərsi idi ki, bacardığım qədər bu istiqamətdə müəyyən işlər görməyə çalışdım. Açıq demək lazımdır ki, bu işlərin görülməsi o qədər də çətin olmadı, çünki cənab prezident elə dəqiq hədəflər göstərmiş və elə ideoloji hədəflərə işarə etmişdi ki, o hədəflərə doğru getmək çətinlik tələb etmədi. Həm də Azərbaycan cəmiyyəti, xalqı bütövlükdə bu ideyalara hazır vəziyyətdə idi və başlanğıcı ulu öndərimiz tərəfindən qoyulan Azərbaycan multikulturalizminin siyasi əsası 2016-2017-ci ildə inkişaf etdi və gələcəkdə də inkişaf edəcək. Bu gün isə rektor kimi çalışmağım təhsilə, elmə olan marağımın üstün gəlməsi ilə bağlıdır. Cənab prezident bunu hiss edib, məni bu istiqamətə yönəltdi və ümid edirəm ki, onun mənəvi dəstəyi ilə biz bir çox məsələləri Azərbaycan Dillər Universitetində həll edəcəyik.



- Siz bu vəzifəyə təyinat alarkən haqqınızda bəzi məlumatlar yayıldı ki, özünüz yenidən rektorluğa qayıtmaq istəmisiniz. Deyilənlər doğrudurmu?

- Bu qərar mənim ürəyimdən idi, həyat missiyamdır. Özümü təhsildən, elmdən kənar hiss etmirəm. Dövlət müşaviri olduğum müddətdə əlimdən gələni etdim və hiss etdim ki, artıq o istiqamət öz yoluna düşdü və gələcəkdə həmkarlar tərəfindən ləyaqətlə davam etdiriləcək. Rektorluq ürəkdən seçdiyim və prezidentin də mənə etimad göstərdiyi istiqamətdir. Bu işə könül xoşluğu ilə başladım.

- Təyinatınız eyni zamanda Azərbaycan Dillər Universitetində etirazların olduğu bir dövrə təsadüf etdi.

- Müəyyən gərginlik var idi. Bu, imtahanlar və müəyyən başqa məsələlərlə bağlı idi. Müxtəlif kursun tələbələri, müəllimlər ilə görüşəndən və bəzi məsələləri yerindəcə həll edəndən sonra gərginlik azaldı. İndi imtahanlar normal prosesdə gedir. Tələbələr nəyə nail ola biləcəklərini dəqiq bilirlər. Bu yolda onlardan universitetin nəyi gözlədiyini və onların universitetə nə verəcəklərini dəqiq müəyyənləşdiriblər, öz məsuliyyətlərini dərk ediblər. Kəsirli tələbələrin böyük problemini həll etməyə çalışdıq. Bəllidir ki, kəsirli tələbələr yay məktəbinə cəlb olunurlar və buna görə universitetə müəyyən məbləğ ödəyirlər. Biz onları bu məbləğdən azad etdik. Bu, universitetin həyatında ilk belə addım idi. Faktiki olaraq bunun konsepsiyası ondan ibarətdir ki, əgər kəsirli tələbə kəsirinə görə universitetə borcludursa, eyni zamanda həmin kəsirə görə universitet də tələbəyə borcludur. Universitet öz borcunu bu şəkildə kompensasiya elədi. Bunun müqabilində də tələbələr söz verdilər ki, yay məktəbində böyük nizam-intizamla çalışacaqlar və həqiqətən ciddi şəkildə tədris prosesində özlərində olan boşluğu dolduracaqlar. Ümumiyyətlə, bütün tədris prosesi, sessiyalarda, universitet tədrisindəki proses tələbənin xeyrinə yönəlməlidir. Əgər müəllim tələbənin qiymətləndirməsi zamanı 2 rəqəm arasında qalırsa, son qərarı hökmən tələbənin xeyrinə vermək lazımdır. Qiymətləndirmədə müəllim səxavətli olmalıdır. Eyni zamanda tələbə də məsuliyyətli olmalıdır. Heç nədən elə belə “mən belə istəyirəm”, əsaslandırılmamış şəkildə qiymət şişirtmələrinə yol vermədən tələbənin həqiqi qiyməti müəyyən güzəştli şəkildə verilə bilər.

Məsələn, mən onun tərəfdarıyam ki, tələbənin təqaüd alması üçün 1-2 balı çatmırsa, ona kömək etmək lazımdır. Çünki onun təqaüdə ehtiyacı var. Amma o şərtlə ki, bundan sui-istifadə etməsin və tələbə də öz məsuliyyətini başa düşsün. Yanıma tələbələr gəlir ki, İslam Həmrəylik Oyunları ilə əlaqədar könüllü olublar və 1-2 ay dərsə gələ bilməyiblər. Çoz gözəl, sən vətən, millət, universitet qarşısında borcunu yerinə yetirmisən. Bunun üçün sənə alqış, təşəkkür düşür. Sənə əlimizdən gələn köməyi etməyə hazırıq. Amma burada əlimizdən gəlməyən güzəştdən söhbət getmir, yəni hamı bilsin ki, mexaniki şəkildə heç kimə qiymət yazılmayacaq. İndi o tələbələrə nəyisə güzəştə gedəcəyiksə, o biri semestrdə həmin güzəştin əvəzi tələbədən çıxılacaq. Gələn semestrdə tələbə buraxdığı boşluğu doldurmalıdır. Biz bunun üçün hər cür şərait yaradacağıq ki, həmin dövrdə iştirak etmədiyi dərsləri o tələbəyə yenidən verək. Tələbə özündə təhsillə bağlı boşluq hiss etməməlidir, özünü rahat hiss etməlidir.



- Pulsuz yay məktəbi ilə bağlı qərarınız davamlı olacaq?

- Əlbəttə, davamlı olmalıdır. Qeyd etdiyim kimi bunun mənim aləmimdə möhkəm konsepsiyası var: əgər kəsirli tələbə kəsirinə görə universitetə borcludursa, eyni zamanda universitet də həmin kəsirə görə tələbəyə borcludur. Ona görə ki, tədris yaxşı qurulmayıb, müəllim tələbəni yaxşı hazırlamayıb, tələbəyə diqqətini lazımi şəkildə yetirməyib. Tələbə niyə kəsilir? Çünki o, müəyyən öhdəsinə düşən krediti doldurmur, deməli, müəllimin də burada hansısa məsuliyyəti var və bu məsuliyyət qarşılıqlı olmalıdır.

- Azərbaycan Dillər Universiteti publik huquqi şəxs statusu alıb. Nə kimi dəyişikliklər ediləcək?

- Azərbaycan Dillər Universitetinin publik hüquqi şəxs olması haqqında prezidentin sərəncamı universitet qarşısında yeni üfiqlər, yeni imtiyazlar və yeni istiqamətlər açır. Universitet artıq taleyini, ixtisaslaşma istiqamətini özü müəyyənləşdirəcək və bu istiqamətdə müəyyən qədər müstəqilliyə malik olacaq. Xarici ölkələrdəki universitetlərlə əlaqələrin qurulması, maliyyə sisteminin özünəməxsus şəkildə inkişaf etdirilməsi- bütün bunlar universitetin özünü daha inamlı və müstəqil şəkildə hiss etməsinə gətirib çıxaracaq. Universitet öz daxili ehtiyaclarını ödəmək üçün əlavə maliyyə istiqamətlərinə üz tuta biləcək, tələbələrinə daha çox etibar edəcək. Tələbələr də universitetin həyatında daha fəal iştirak edəcəklər. Bu, həm də yeni ixtisaslar, yeni kadrların cəlb edilməsi deməkdir. Tələbələr bizim gələcək kadrlarımızdır və biz onlardan daha məqsədəuyğun, səmərəli şəkildə istifadə edəcəyik. Universitetin müstəqiliiyi artacaq, eyni zamanda məsuliyyəti də artacaq.



- Bu, eyni zamanda universitetin maliyyə baxımından müstəqil olacağı deməkdir.

- Bəli, həm də maliyyə cəhətdən müstəqillikdir. Universitet öz imkanlarını elə hesablayacaq ki, yeni istiqamətlərin ödənməsinə, yeni perspektivlərin açılmasına, yeni konfransların keçirilməsinə, yeni nəşrlərə sərf etsin. Azərbaycan Dillər Universiteti multikulturalizm siyasətinin dərinləşməsi və genişlənməsi üçün çox gözəl tədris platformasıdır. Bu istiqamətdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ildə 2 dəfə yay və qış multikulturalizm məktəbləri keçirir. Bu, o deməkdir ki, xarici ölkələrdən 50-70 gənc müəllim, eyni zamanda Azərbaycan universitetlərindən müəyyən kontingent bu tədbirlərdə iştirak edir. Bütün bunlar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə yanaşı, Azərbaycan Dilər Universitetinin yaxından müdaxiləsini və təmasını tələb edir, biz bu istiqamətdə bir yerdə çalışacağıq. Bu müstəqillik bizə imkan verəcək ki, multikulturalizm istiqamətindəki proyektlərin daha uğurla həyata keçməsini təmin edək.

- Planlarınız nədən ibarətdir?

- Azərbaycan Dillər Universitetində bir çox dil və mədəniyyət mərkəzləri var. Məsələn, İndoneziya, Koreya dil mərkəzləri, Çin, Alman institutları, bir sözlə, ADU-da 20-dən çox mərkəz fəaliyyət göstərir. Bu mərkəzlər həmin ölkələrin, dillərin Azərbaycanda təbliği istiqamətinə yönəlib. Biz həmin dillərin, xalqların mədəniyyətini, dillərini, ədəbiyyatını Azərbaycanda təbliğ edirik. Bəs o ölkələrin universitelərində də Azərbaycan mədəniyyətlərini təbliğ edən mərkəzlər varmı? Təəssüf ki, yoxdur. Ona görə biz artıq bu istiqaməti ikitərəfli etməyə çalışırıq. Yəni, Koreya mədəniyyətini təbliğ ediriksə, öyrəniriksə və bu istiqamətdə tələbələrimiz varsa, qarşımıza məqsəd qoymalıyıq ki, biz də mədəniyyətimizi Koreyada təbliğ edək, eləcə də digər ölkələrdə. Biz artıq bu istiqamətdə müəyyən işlər görürük, səfirliklərlə əlaqə saxlayırıq. Çünki məhəbbət ikitərəfli, qarşılıqlı olmalıdır. Onlar da Azərbaycan həqiqətlərini, mədəniyyətini öz universitetlərində təbliğ etməlidirlər. Necəki, onlar burada mərkəzlərin yaradılmasında müəyyən maddi yardım göstəriblər, eləcə də bizim universitet həmin ölkələrdə Azərbaycan mədəniyyətinin yayılması ilə bağlı müəyyən vəsait qoymağa hazırdır. Əlavə maliyyə ilk növbədə həmin xarici ölkələrdə Azərbaycanın təbliği istiqamətində qurulacaq işlərə yönəldiləcək.



- Universitetdə yeni ixtisaslar açılacaqmı?

- Bunu demək çətindir, ixtisasla bağlı artıq müəyyən plan verilib və təsdiq olunub. Bu istiqamətdə üzümüzə gələn tədris ilində nə isə etmək çətindir. Gələn tədris ili üçün ixtisaslarla bağlı müəyyən dəyişikliklər gözlənilir. Məsələn, universitetin rus dili ilə bağlı nə kafedrası, nə Rusiyaşunaslıq mərkəzi var. Eyni zamanda bizim ideologiyamızın əsası olan Azərbaycançılıq bu universitetdə təmsil olunmayıb. Buna görə də istəyirik ki, Azərbaycançılıqla və Rusiyaşunaslıqla bağlı laboratoriyalar yaradaq. Eyni zamanda Azərbaycan dövlətçiliyinin əsas istiqamətlərindən, dövlət siyasətinin onurğalarından olan multikulturalizm istiqamətində mərkəz yaratmaq fikrindəyik.

- Tələbələri maraqlandıran suallardan biri də təhsil haqları ilə bağlıdır. Hansı dəyişiklər gözlənilir?

- Təhsil haqlarının artırılması çox incə məsələdir. Bunun üçün gərək ümumi mənzərəyə baxasan, digər universitetlərdəki oxşar ixtisaslarla müqayisələr aparasan, universitetə gələn axını təhlil edəsən ki, bu axında artmamı və ya azalmamı çoxdur. Təhsil haqlarında artım və ya azalma universitetin arzusundan doğmur. Bu ümumi təhsil sistemində gedən proseslərlə bağlıdır. Əgər proseslər imkan verərsə, müxtəlif istiqamətlərə nəzərdə tutduğumuz xərcləri ödəyə biləcək səviyyəyə çatanda süni sürətdə ödəmənin artırılmasına ehtiyac qalmır. Maraqlanan hər kəs bilsin ki, Azərbaycan Dillər Universitetində təhsil haqqı süni sürətdə qaldırılmayacaq və əsassız olaraq da azaldılmayacaq.



- Universitetdə ixtisarlar olacağı deyilir. Bu haqda nə deyə bilərsiniz?

- Güman etmirəm. Əlbəttə, universitet strukturunda müəyyən dəyişikliklər etmək labüd olacaq. Çünki burada bəzən nadir hallarda əsaslandırılmamış struktur dəyişikliklərinə rast gəlirəm. Ola bilər ki, onlar birləşsin və ya ləğv olunsunlar. Lakin insanların ixtisarını nəzərdə tutmuram və imkan daxilində buna yol verməyəcəm.

- Bu gün dünya universitetlərinin reytinq cədvəlləri açıqlanır. Bu siyahıya universitetlərimiz ya düşmür, ya bir-ikisinin adına rast gəlmək olur. Universitetlərimiz niyə dünya səviyyəsində tanınmırlar?

- Universitetlər üçün qurulan reytinq cədvəlləri yüzlərlədir. Yəni, yüzlərlə prinsip əsasında universitetləri seçirlər. Dəyərlər sistemi, kriteriyalar müxtəlif olduğu üçün vahid sistem yoxdur. Biz dünya universitetləri sırasında öz layiqli yerimizi tutmaq üçün hələ bir az çalışmalıyıq. Həm öz üzərimizdə, həm universitet tələbələrinin formalaşması istiqamətində, həm onların mədəni-mənəvi səviyyələrinin yüksəldilməsi istiqamətində çalışmalıyıq, həm də ümumi təhsil platformamız buna imkan verməlidir. Azərbaycan Dillər Universiteti o siyahılara düşə bilər. Sadəcə, o kriteriyalara baş vurmaq, ciddi şəkildə iştirak etmək və universitetlərdən tələb olunan müəyyən məsələləri tətbiq etmək lazımdır. Burada tələbədən müəllimə, cəmiyyətə qədər hər kəs əl-ələ verməlidir ki, universitetlə bağlı konkret fikirlər formalaşsın.

- Nobel mükafatı laureatı, türkiyəli alim Əziz Sancar “Azərbaycan universitetlərinin Türkiyədəki universitetlər səviyyəsinə qalxması üçün nə etməliyik?" sualına cavabında deyib ki, "Anadolu türkləri Avropanı fəth edəndə burada şeir yazmaq dəbdə idi. İndi də Azərbaycanda şeir yazmaq dəbdə qalır" . Sizcə, Əziz Sancar fikrində haqlıdırmı?

- Belə bir fikirlə razılaşa bilmərəm. Azərbaycanda şeir yazmaqla yanaşı, həm dəqiq elmlər, həm də təbiət elmləri istiqamətində ciddi mütəxəssislər, tədqiqatlar var. Akademiyada, universitetlərdə çalışan professional alimlərimiz var. Bizim elmimizin, təhsilimizin bir problemi də ondadır ki, biz çox zaman dünya standartlarına çıxmağın dəqiq yollarını özümüz üçün müəyyənləşdirə bilmirik. Bu gün bizim Almaniya, Amerikada, müxtəlif ölkələrdə çalışan alimlərimiz, həkimlərimiz var. Bizdə hələ bərkimək prosesi getməlidir. Birdən-birə azadlığa çıxıb, sabah da “dünya elminin hansısa yerlərində yer almalıyam” fikri bir az qəribə, naşıcasına yanaşılmış fikirdir. Biz hələ öz yerimizdə, elm və təhsil istiqamətində bərkiməliyik, formalaşmalıyıq. Sonra həmin istiqamət barədə fikirləşmək olar.



- Rektor təyinatı xəbəri yayılanda sizin haqqınızda sosial şəbəkələrdə çox gözəl sözlər yazılmışdı. Sizə görə ADU-nun tələbələrini şanslı hesab edirdilər. Tələbələrin rəğbətini qazanmaq hər rektora qismət olmur. Siz bunu necə bacarmısınız?

- Onların hər birinə təşəkkürümü bildirirəm və inandırıram ki, Azərbaycan universitetlərinin rektorlarının hamısı barədə bu gün həmin sözləri demək mümkündür. Onların hamısına uğurlar arzu edirəm. Hesab edirəm ki, tələbə ilə mənim aramda heç kəs dura bilməz. Həmişə tələbənin yanında olmuşam, tələbə də hər zaman mənim yanımda olubdur. Mən bir fikrimi bir daha demək istəyirəm. Mən heç bir tələbəni heç bir müəllimin ayağına verməyəcəm. Amma heç bir müəllimi də heç bir tələbənin ayağına verməyəcəyəm. Əslində, mənim aləmində rektorluq bu iki müstəvidə hərəkət etmək qabiliyyətindən ibarətdir. Həm tələbənin, həm müəllimin bir-biri ilə doğru, düzgün, ahəngdar, təmiz, ləyaqətli münasibətinin qurulmasına töhfə vermək deməkdir.

- Rektor, yazıçı, yoxsa dil sahəsində mütəxəssis - bunların hansında özünüzü daha çox tapmısınız?

- Onu sizlər daha yaxşı görə bilərsiniz.

- Yazmağa vaxtınız olurmu?

- Yazıların yazılmasına xüsusi vaxt ayırmıram. Onlar gələndə elə gəlir ki, nə olursa olsun, gecənin bir yarısı olsa da durub qələmə alırsan. Yoxsa vaxtımı elə bölüm ki, bir az yazıçıqla məşğul olum, deməklə olmur. Bu yaxınlarda bir kitab bitirmişəm, “Kitabi Dədə Qorqud Dastanının Poetikasına Giriş” adlanır. Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda müzakirəsi oldu. Deyilənlərə görə, mütəxəssislərin diqqətini cəlb edən bir əsər ortaya çıxıb.



- Əvvəl rektor işlədiyiniz Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universiteti yanaşı binalarda yerləşir. Belə deyək, keçmiş iş yerinizə yaxınsınız, darıxmırsınız orada işlədiyiniz vaxtlar üçün?

- Mən Azərbaycan Dillər Universitetində 1984-cü ildən 2000-ci ilə qədər kiçik fasilələrlə 12-15 il kafedra müdiri olmuşam. Bura gələndə həmin nostalji hissləri baş qaldırdı, köhnə həmkarları gördüm. Onların çoxu şükür ki, hələ də iş qabiliyyətindədirlər və iş qabiliyyətlərini itirməyiblər. Onların içərisində kafedra müdirləri, istedadlı, təcrübəli müəllimlər var. Bu məni çox sevindirdi. Başqa işlədiyim yerlərdə də nostalji hisslər, təmiz dostluq münasibətləri olur. Bütün bunlar həyatımızın bir parçasıdır.

- Söhbətlər gəzdi ki, Azərbaycan Dilər Universiteti ilə Bakı Slavyan Universiteti birləşəcək.

- Güman etmirəm. Bu məsələ universitetlərin arzusundan, ayrı-ayrı adamların istəyindən asılı olan məsələ deyil. Belə məsələlər siyasi iradə ilə baş verir. Bu gün mən elə güman edirəm ki, hər iki universitet müstəqil və azad şəkildə öz yolu ilə getsə, daha məqsədəuyğun olar.





Aytən Zəhra
Elvin Abdulla

AzVision.az


Teqlər: ADU   Kamal-Abdulla  





Xəbər lenti