Ermənistanın Azərbaycana vurduğu ziyan hesablanır
Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəyən ziyanın hesablanması prosesinə dünyanın 20 ölkəsindən bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlar, ekspertlər dəvət olunub və onların arasında Rusiyadan olan mütəxəssislər də var. Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının İdarə Heyətinin üzvü, millət vəkili Xanhüseyn Kazımlı bildirib ki, hesablamalar beynəlxalq qiymətləndirmə standartlarının tələblərinə uyğun aparılır və artıq ilkin nəticələr məlumdur. Qiymətləndirmə bütün sahələri əhatə edir. Bura tarixi abidələr, insanlara, dövlətə dəyən maddi ziyan, turizm potensialından, yeraltı və yerüstü sərvətlərdən, çay-su hövzələrindən istifadə edilməkdən məhrum olunması və digərləri daxildir.
Xanhüseyn Kazımlı onu da bildirib ki, ölkəmizin məruz qaldığı itki və tələfatların beynəlxalq qiymətləndirmə standartlarına uyğun hesablanması, müzakirə və təsdiq olunması üçün artıq 35 nəfər könüllüdən ibarət İşçi Qrup da yaradılıb. İşçi Qrupuna müxtəlif sahələri təmsil edən ekspertlər daxildir. Proses yekunlaşdıqdan sonra isə nəticələrlə bağlı müxtəlif ölkələrdə beynəlxalq təqdimatlar keçiriləcək.
Son dövrlərdə dünyada münaqişələrin sayının artması bu zəmində baş verən itki və tələfatların hesablanması, təzminatların qəbul edilməsi və sanksiyaların tətbiq olunmasını zəruri edir. Artıq bir çox beynəlxalq təşkilatlar, o cümlədən Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasında buna xüsusi diqqət yetirilir. Çünki, əks halda dünya maliyyə iqtisadi böhranına gətirib çıxara bilər ki. bu da təkcə münaqişə bölgələri deyil, bütün bəşəriyyət üçün təhlükəlidir.
AzVision.az