Nazirlik 3 aptekin fəaliyyətinə son qoyub
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov trend-ə bildirib ki, bu ilin yanvar-iyun ayları ərzində Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən 190 aptekdə yoxlama keçirilib. Əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədilə keçirilən yoxlamalarda İqtisadi İnkişaf və Ədliyyə nazirliklərinin nümayəndələri iştirak ediblər.
Bu müddətdə xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan 3 aptek aşkarlanaraq fəaliyyəti dayandırılıb.
P.Əzizbəyov deyib ki, reseptsiz dərman buraxılışına görə, yəni reseptlə satılan dərmanların reseptsiz buraxılmasına görə 11 protokol tərtib edilib. Yoxlama zamanı yararlılıq haqqında analiz protokolu və ya dövlət qeydiyyatı olmayan 6041 qutu dərman preparatları müsadirə edilib. Bunlardan 61 qutu istifadə müddəti bitmiş dərman preparatları olub.
Teqlər: