`Milli Şuranı İsa Qəmbərlər dolaşığa salıb`
Bunu Açıq Cəmiyyət Partiyası (ACP) lideri Rəsul Quliyevin müşaviri Zəminə Dünyamalıyeva AzVision.az-a Lalə Şövkətin və Rəsul Quliyevin Milli Şuradan uzaqlaşdırılması, Milli Şuranın bugünkü durumuna münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hazırki müxalifət 20 ildir ki, heçnəyə nail ola bilmir .
`Bu insanlar düşünmürlər ki, bu millət onlardan bezib. Onların adlarını nə görmək, nə eşitmək istəyirlər, onları bu cəmiyyətdən silib atmaq istəyirlər. Milli Şuranı indi İsa Qəmbər idarə edir, amma Milli Şuranın formalaşmasına elə İsa Qəmbər birinci mane olanlardandır. Milli Şuranı İsa Qəmbərlər dolaşığa salıb`.
Milli Şurada Lalə Şövkəti kimin əvəz edə biləcəyinə gəlincə, Z.Dünyamalıyevanın cavabı belə olub :` Milli Şurada Lalə xanımı əvəz edə biləcək adam yoxdur. Bu, yalnış fikirdir. Lalə xanım ordan gedirsə, şəxsiyyətinə uyğun da getsin. Kimsə onun adından bəhanələr uydurmasın. Lalə Şövkətin və Rəsul Quliyevin oradan getməsini məqbul sayıram. Lalə Şövkət kimi xanım siyasətçi lider hər millətə xas olmur. Rəsul Quliyev deyək ki, mühacirətdədir, sözləri budur ki, Rəsul Quliyev gələ bilmir. Lalə Şövkət Azərbaycandadır, kifayət qədər də potensialı var. Lalə Şövkətin partiyası zəif partiyadır. Amma, Lalə Şövkətin özü elə bir şəxsiyyətdir ki, onun böyük partiya qədər potensialı var. Belə bir xanımı da bunlar nədəsə günahlandırıb, Milli Şuradan uzaqlaşdırmaq istəyirlərsə, adını demokratik qüvvə qoymuş insanların halına yazıq. İnsan nə qədər burnunun ucundan o tərəfi görməz. Nə qədər insan cılız olar, nə qədər həzm qabiliyyəti kiçik olar ki, özündən üstün nəyisə görəndə bu qədər təşvişə düşsün. Rəsul Quliyev üzv olduğum partiyanın lideri olduğu üçün əlaqələndirirlər ki, partiyanın lideridir deyə müdafiə edir. Amma haqq kənarda qalır. Rəsul Quliyev Azərbaycanda kifayət qədər tanınmış, Azərbaycan dövləti üçün kifayət qədər əmək sərf etmiş bir insandır. Onun 17 il mühacirətdə yaşaması hər şeyi deyir, onu xırdalanmağa dəyməz. Bu gün adını demokratik qüvvə qoymuş Milli Şura belə bir gücdən istifadə etmək əvəzinə, özlərinin o kiçik beyinləri ilə ona maneəçilik edirsə, kölgə salmağı düşünürlərsə, şəxsi maraqlarına görə uzaqlaşdırmaq istəyirlərsə, yazıq onların halına`.
Partiya üzvü Rauf Arifoğlunun mətbuata verdiyi açıqlamalara da münasibət bildirib :`Rauf Arifoğlu mətbuata demişdi ki, hakimiyyətdən gələnləri biz gərək müxalifətə buraxmazdıq. Guya ki, müxalifət bunların atasından qalma bir mülkdür. Ora kimi istəsələr buraxarlar, kimi istəsə yox. Hələ bu sual altındadır ki, həqiqətən də bunlar müxalifətdir ya yox. Lalə Şövkət, Rəsul Quliyev haqqında bu fikirlərin ortaya gəlməsi düşünülmüş bir addımdır. Hakimiyyətdən gələnləri bunlar həzm edə bilmirlər, çünki gördülər ki, gələnlərin səviyyəsinə qalxa bilmirlər. O nöqteyi nəzərdən fikirləşirlər ki, biz qalxa bilmədiksə, bunları uzaqlaşdıraq.
Z.Dünyamalıyeva açıqlamasında həmçinin bildirib ki, avqustun 23-də Milli Şuranı tərk edib :`Mən avqustun 23-də etirazımla Milli Şuraya yox dedim. Yəni, artıq Milli Şurada iştirak etmirəm. Fikrimi deyib, Mili Şuradan çıxmışam`.
Nihadə Eyyubova