Şirkətlər banklardan depozitlərini niyə geri çəkir? - Səbəblər

 Şirkətlər banklardan depozitlərini niyə geri çəkir? -  Səbəblər
  12 Yanvar 2025    Oxunub:286
"Son bir ayda Azərbaycanda şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkib". 2024-cü il noyabr ayının 1-nə Azərbaycanda bankların depozit portfeli (maliyyə institutları istisna olmaqla) 34 milyard 373.9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından (AMB) verilən xəbərə görə, bankların depozit portfeli əvvəlki ayla müqayisədə 4.7% və ya 1 milyard 685 milyon manat azalıb.
Qeyd edək ki, bankların depozit portfelinin kəskin azalması hüquqi şəxslərin banklarda olan depozitlərini geri çəkməsi ilə əlaqədardır. Belə ki, bu dövrdə hüquqi şəxslərin depozitləri əvvəlki ayla müqayisədə 8.1% və ya 1 milyard 805.5 milyon manat azalaraq 20 milyard 404.3 milyon manat, fiziki şəxslərin depozitləri isə 0.9% və ya 120.4 milyon manat artaraq 13 milyard 969.5 milyon manat təşkil edib.

Maraqlıdır, şirkətklər niyə bu qədər pulu banklardan geri çəkib?

Mövzu ilə bağlı danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, dünya təcrübəsində şirkətlər bankalardan pulu geri çəkirlərsə, nəzəri cəhətdən bunun bir neçə səbəbi olur:

2025-ci ilin büdcəsi: Nələr dəyişəcək?
"Başlıca səbəb bank depozitləri üzrə gəlir vergisi ilə bağlı dəyişikliklər; qalanları isə devalvasiya ehtimalı, alternativ investisiya imkanları, banklara etimadın azalması, faiz dərəcələrinin dəyişməsi, iqtisadi qeyri-müəyyənliklər və nəhayət yeddincisi, nəğdsiz ödənişlər üzrə öhdəliklərdir.

Bu səbəblər arasında depozitlər üzrə gəlir vergisi ilə bağlı dəyişiklikləri, banklara etimadın azalmasını, iqtisadi qeyri-müəyyənlikləri və faiz dərəcələrinin dəyişməsi hallarını birmənalı olaraq istisna edə bilərik.

Amma digər üç səbəbin hər birinin bu azalmada müəyyən qədər payı ola bilər. Hökümətin makroiqtisadi proqnozlarında 2025-ci ildə devalvasiyanın olmayacağı qeyd edilsə də, şirkətlər buna inanmaya bilər. Həmçinin alternativ investisiya imkanlarının yaranması şirkətlərin depozitlərini geri çəkməsinə səbəb ola bilər. Buraya ölkə daxilində və xaricində daşınmaz əmlak alınması, investisiya, səhm, kriptovalyuta və digər aktivlər üzrə əməliyyatlar aid ola bilər. Xülasə, hansı səbəbin daha çox rol oynadığını dəqiq demək üçün depozitlərini geri çəkən şirkətlər və məbləğlər barəsində məlumatlar olmalıdır".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   bank   depozit  





Xəbər lenti