YAP-ın Gəncə təşkilatı seçkiöncəsi yığıncaq keçirib
Tədbiri YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açaraq, YAP tərəfindən namizədliyi irəli sürülən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyasının başlanması ilə əlaqədar olaraq qarşıda duran vəzifələrdən, ölkəmizin tarixində mühüm ictimai-siyasi hadisə olan Prezident seçkilərinin azad, demokratik və şəffaf şəraitdə mütəşəkkil keçirilməsi üçün seçkilərdə hər bir partiya üzvünün fəal iştirakının vacibliyini diqqətə çatdırdı. Sədr vurğuladı ki, hazırda YAP Gəncə şəhər Təşkilatı 248 ərazi ilk partiya təşkilatını birləşdirir. 30 mindən çox partiya üzvünün əksəriyyətinin gənclərdən ibarətdir. Bu isə qürurverici bir haldır.
Qeyd edildi ki, müasir Azərbaycanın nüfuzunu, qüdrətini artıran əsas amillərdən biri ölkəmizin demokratikliyi, indiyədək keçirilən seçkilərdə şəffaflığın təmin olunmasıdır. Əvvəlcədən seçkilərə hazırlığı yüksək səviyyədə quran Yeni Azərbaycan Partiyası həmişə bu möhtəşəm siyasi kampaniyada qələbə qazanıb və 9 oktyabr 2013-cü il Azərbaycan Respublikası Prezidentliyinə seçkilərdə də qalib gələcəyinə əmindir. Böyük təşkilati və insani potensial imkan verir ki, YAP seçki kampaniyasına mütəşəkkil hazırlaşmaqla, bu seçimi yüksək səviyyədə həyata keçirəcək.
Tədbirdə YAP Gəncə şəhər Təşkilatı sədrinin müavinləri- AMEA-nın müxbir üzvü Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə çıxış etmişlər. Çıxışlarda Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq müddəaları, seçkilərin prosedur qaydaları, seçicilərin hüquqlarının qorunması, seçki məntəqələri ərazisində seçkiqabağı təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarətin təmin edilməsi haqqında geniş məlumat verilmiş və müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Teqlər: