Salyandakı qətlin yeni detalları üzə çıxıb

   Salyandakı qətlin yeni detalları üzə çıxıb
  13 Yanvar 2025    Oxunub:442
Ötən il itkin düşmüş Salyan sakininin ölüm hadisəsində yeni detallar məlum olub.
AzVision.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, onun arvadı tərəfindən yox, oğlu tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən olunub.

Prokurorluq və polis əməkdaşlarının birgə fəaliyyəti nəticəsində ötən il dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürülməsi müəyyən olunub. Onun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin edilib.

İstintaqın ilkin mərhələsində Röyal Hüseynovun arvadı 1986-cı il təvəllüdlü Mətanət Hüseynova cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanıb, lakin növbəti gün davam etdirilən intensiv istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunan sübutlarla cinayətin zərərçəkmişin yetkinlik yaşına çatmayan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Mətanət Hüseynova sərbəst buraxılıb, cinayəti törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti