Yapmamalıydın, abi… Türkiyə özü Qarabağa gedən vətəndaşlarını cəzalandırmalıdır

Yapmamalıydın, abi… Türkiyə özü Qarabağa gedən vətəndaşlarını cəzalandırmalıdır
  27 Sentyabr 2017    Oxunub:20356
Türkiyəli bir qrup jurnalist və siyasətçinin işğal altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etməsi Azərbaycanda birmənalı qarşılanmayıb. Ermənistan KİV-lərinin bəh-bəhlə paylaşdığı bu xəbər cəmiyyətimizin bütün təbəqələrində haqlı olaraq ciddi etirazlara səbəb olub.
Türkiyədən Ermənistana, oradan da Qarabağa yollanan nümayəndə heyətinə Xalqların Demokratik Partiyasından olan (HDP) keçmiş deputat, Türkyə Yaşıllar və Gələcək Partiyasının üzvü, “Ankara Düşüncə Platforması” qeyri-hökumət təşkilatının rəhbəri Ufuk Uras rəhbərlik edib. Nümayəndə heyətinin tərkibinə həmçinin, yazıçılar Əli Bayramoğlu və Səid Çəkinoğlu və teleaparıcı Erol Katırçıoğlu daxil olub.

Adətən bu cür təxribatçı əməlləri erməni lobbisinin güclü təsir qüvvəsinə malik olduğu ölkələrdən görsək də, bu dəfə qardaş Türkiyəni təmsil edən siyasətçilər bizi arxadan vurmaq yolu seçdilər. Necə deyərlər, ummadığımız yerdən zərbə aldıq... Bütün çətin durumlarda arxa durduğumuz, dəstək nümayiş etdirdiyimiz və hər şeydən əvvəl, qardaş hesab etdiyimiz bir ölkənin vətəndaşlarının dövlətimizə qarşı bu cür təxribatçı əməllərə əl atdı.



Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqillik qazanandan bu vaxta qədər bir dəfə də olsun, Türkiyənin dövlət maraqlarını gözardı etməyib. Hətta iki il bundan əvvəl baş verən məlum təyyarə böhranı zamanı da rəsmi Bakı Rusiya kimi strateji tərəfdaşını qarşısına alaraq, Türkiyə dövlətinin maraqları çərçivəsində bəyanat yaymışdıq. Ötən ilin iyul ayında dövlət çevrilişinə cəhd olayında da Türkiyəyə ilk dəstək mesajı məhz Bakıdan gəlmişdi. Sonuncu hadisə isə bu strateji müttəfiqliyin ruhu ilə qətiyyən bir araya sığmadı. Hər şeydən əvvəl, Türkiyəli siyasilərin Qarabağa məlum səfəri Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə kobud şəkildə hörmətsizlik kimi dəyərləndirilməlidir.

Lakin bizi daha da üzən və narahatlığımızı artıran digər səbəb də var: Azərbaycanı dərindən narahat edən belə bir hadisənin baş verməsinə baxmayaraq, Türkiyənin rəsmi dairələri və ictimaiyyəti susur…

Azərbaycan Xarici İşlər Nazirliyi dərhal məsələyə münasibət bildirərək, araşdırma aparıldığını mətbuata açıqlasa da, təəssüflər olsun ki, qardaş Türkiyədən hələlik səs-küy yoxdur. Təsəvvür edin, Ermənistanın Xarici İşlər Nazirliyi və qondarma rejimin müvafiq qurumu xəbəri yayır, Azərbaycan buna öz etirazını nümayiş etdirir, Türkiyə isə hadisə ilə bağlı birbaşa məsuliyyət daşıdığı halda susmaq yoluna üstünlük verir.

Sual yaranır: Əksi olsa, yəni Azərbaycan bəzi siyasi və ictimai xadimləri PKK ilə eyni masaya otursa, bu hal görəsən rəsmi Ankarada hansı təəssüratı yaradardı? Əlbəttə ki, belə bir hal yaşanardısa, Azərbaycanın müvafiq dövlət qurumları dərhal səfərbər olaraq məsələyə müdaxilə edər və lazımı tədbirləri görərdi.



Söz yox ki, səfərinin təşkilinin arxasında erməni lobbisi dayanır. Lakin bu fakt rəsmi Ankaranın məsuliyyətdən boyun qaçırtması üçün əsas ola bilməz. Çünki istənilən halda həmin nümayəndə heyətinin üzvləri Qarabağa daxil olarkən Türkiyə Cümhuriyyətinin pasportunu təqdim ediblər. Bu isə onların rəsmi olaraq Türkiyə dövlətini təmsil etdiyi qənaətini formalaşdırır. Bu baxımdan, Türkiyənin müvafiq dövlət qurumları məsələyə dair açıqlama vermək məcburiyyətindədirlər. Dağlıq Qarabağdakı qondarma rejimin “möhür”ünün Türkiyə Cümhuriyyəti vətəndaşının passportunda əks olunması qədər utancverici mənzərə ola bilməz axı...

Qarabağa yollandığı üçün Azərbaycan XİN-nin “qara siyahı”sına düşməkdən çəkinib-çəkinməməsi barədə erməni jurnalistin sualına Ufuk Urasın “islanmışın yağışdan nə qorxusu” deyərək cavab verməsi onun Türkiyə dövlətindən cəza almayacağına əminliyinin ifadəsidir.

Səfərdə iştirak edən Səid Çəkinoğlu isə elə Qarabağda verdiyi açıqlama ilə Türkiyə-Ermənistan sərhəddinin açılmasının zəruriliyini vurğulamaqla Bakı-Ankara strateji müttəfiqliyinin əsas prioritetlərini ayaqlar altına atmış olur.



Onu da nəzərə alaq ki, Qarabağa səfər edənlər Türkiyə cəmiyyətində kifayət qədər tanınmış ictimai xadimlərdir. Bir ictimai xadimin öz dövlətinin maraqları ziddinə qanunsuz olaraq hərəkət etməsi isə heç bir halda cavabsız qala bilməz.
Çox güman, yaxın günlərdə Azərbaycan Xarici İşlər Nazirliyi sözügedən şəxslərin “qara siyahı”ya salındığına dair məlumat yayacaq. Lakin qardaş Türkiyə də üzərinə düşən məsuliyyətin fərqinə vararaq öz vətəndaşları barədə müvafiq ölçü götürməlidir.

Səfərdə iştirak edən şəxslərin hamısı qondarma “erməni soyqırımı”nı təbliğatı ilə məşğul olan fiqurlardır. Bu vaxta qədər Türkiyədə separatizmi təşviq edən HDP-li siyasilərin qanun qarşısında məsuliyyətə cəlb olunduqları da məlumumuzdur. Ümid edir və inanırıq ki, Türkiyə dövlətinin müvafiq qurumları qardaş hesab etdiyi Azərbaycanın haqq səsinə cavab olaraq ölkəmizin ərazi bütövlüyünü heçə sayan bu şəxslər barəsində müvafiq tədbirlərin görülməsinə dair tapşırıqlar verəcək. Unudulmamalidir ki, bu hadisənin presedent olmaması üçün susmaq yox, lazımi gedişləri etmək tələb olunur.

Bəli, bilirik ki, bu hadisə Türkiyə dövlətinin rəsmi mövqeyini ifadə etmir. Rəsmi Ankara Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyni hər fürsətdə ən ali kürsülərdən bəyan edərək, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını dəstəkləyib. Şübhəmiz yoxdur ki, Türkiyə dövləti bu mövqeyinin üstündə dayanaraq işğal altındakı torpaqlarımıza səfər edən şəxslərlə bağlı müvafiq ölçüləri götürəcək.

Ceyhun Əhmədli
AzVision.az



Teqlər: #Türkiyə   #Qabarağ  





Xəbər lenti