Əli Kərimli v 3.1

// Bitmiş tamaşanın səhnədə bitmiş aktyoru haqqında qeydlər

      Əli Kərimli v 3.1
  13 May 2025    Oxunub:537
Kamal Cəfərov
Millət vəkili

Təsəvvür edin: tamaşa bitib, işıqlar sönüb, hamı da evə gedib. Ancaq saçları dağınıq, yorğun və tökülmüş görkəmdə bir aktyor hələ də səhnədədir – pafosla monoloq deyir, gah hiddətlənir, gah gülür, gah da tamaşaçı olmayan zala yumruğunu silkələyir.
Əli Kərimli axşam 11-də status yazanda təsəvvürümə bu səhnə gəlir. Saat 12-dən sonra "interneti olmaya-olmaya" canlı efirə çıxıb solo performans göstərəndə isə yeni janr yaradır – küləklə absurdun sintezi.

Onun hansısa canlı videosuna baxsanız, ya da statusunu oxusanız, görəcəksiniz ki, eyni pafosdur. Bəzən fikirləşirəm ki, yəqin evdə danışanda da, çay içəndə də, özü ilə tək qalanda da, eyni pafosla danışır, düşünür.

Bəzən elə təsəvvür edirəm ki, sübh tezdən durub, dişini fırçalayanda da güzgünün qabağında “Həm ziyarət həm də ticarət” filmindəki kimi öz ritorikası ilə “Azərbaycan xalqı” deyib dad-aman edir.

Artıq güzgü də onun yalanlarından bezib, sadəcə, sındırılmaqdan qorxur. Çünki bilir ki, hansı gənc onun fəaliyyətini sorğulayıbsa, dərhal onları ya “agent”, ya da “troll” deyə damğalayıb, sıradan çıxarıb. Bəzən fikirləşirəm ki, bəlkə ətrafındakıların qeyri-qanuni fəaliyyəti haqqında da hüquq-mühafizə orqanlarına özü məlumat verir.

30 ildir dəyişiklik istəyir; dünya dəyişib, Azərbaycan dəyişib, ancaq 30 ildir onun nə mövzusu, nə də oğrun-oğrun baxışı dəyişib. Əminəm ki, o öz baxışının vurğundur.


Bəzən adama elə gəlir ki, “Əli Kərimli” real insan deyil, siyasi obrazdır. Axşam yatanda obrazını soyunur, sonra yuxudan durur, yenidən maskasını geyinir, kompüteri açıb status yazır. Əslində ona baxanda siyasətdə nə etməmək lazım olduğunu anlayırsan. Çünki bütün fəaliyyətini anti-milli məsələlərə həsr edib.

Hamı çox yaxşı bilir ki, o heç siyasətçi də deyil, siyasi layihədir, bir az oradan, bir az buradan, lazım olanda hər tərəfdən maliyyələşdirilən layihə...

Elə bilin ki, kimsə hansısa xarici ölkədə şüşəli ofisdə oturub kofe içə-içə “Word”da “Əli Kərimli” adlı layihə yazıb, “Power Point”də slaydını hazırlayıb və axırda da “Facebook”da “live” düyməsini basıb təqdim edib.

Və bu açıq (“Open Source”) bir layihədir. Kimsə istəyəndə “Əli Kərimli” layihəsini zibil yeşiyindən (“Recycle bin”) çıxardıb, orasını-burasını redaktə edib, yanına “versiya 3.1” yazıb yenidən təqdim edə bilər.

Səhifəsinin adminləri də xarici ölkələrdədir, bir gün kimsənin əli dəyib siləcək, bütün invesitisiya batacaq.


Teqlər: Əli-Kərimli  





Xəbər lenti