Vyetnamlı gəncə Azərbaycana ilk giriş vizası təqdim edilib
Tədbirdə millət vəkilləri, diplomatik korpusun nümayəndələri, bir sıra hökumət və qeyri-hökumət təşkilatlarının əməkdaşları, gənclər təşkilatlarının nümayəndələri, Vyetnam Dövlət Televiziyasının və digər yerli media nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov, Vyetnam Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədr müavini Ngo Duc Manh və "Petrovyetnam" şirkətinin İdarə Heyətinin üzvü Vu Khanh Truong çıxış edibər.
Tədbirdə Azərbaycanın Vyetnamda səfirliyinin açılmasının vacibliyi vurğulanıb, bu hadisənin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyi qeyd olunub. Çıxış edənlər Vyetnamın bir sıra dövlət və hökumət üzvlərinin Azərbaycanda təhsil aldığını vurğulamış, gəncləri bu ənənəni davam etdirməyə çağırıblar.
Tədbir zamanı azərbaycanlı mütəxəssislərin Vyetnamın neft sektorunun inkişafına verdiyi töhfə xüsusilə qeyd edilmiş, iki xalq arasında ənənəvi dostluq əlaqələrinin olduğu vurğulanmışdır. Tədbirin davamında Azərbaycan haqqında film nümayiş etdirilmiş və ölkəmizin ali təhsil məktəbləri barədə geniş təqdimat olub.
Tədbir Vyetnam Dövlət Televiziyası tərəfindən yayımlanıb.