Namizədlər təbliğat kampaniyasına necə başlayıb?
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyir ki, artıq görüşlər keçirilməyə və təbliğat materiallarının yapışdırılmasına başlanıb: “Bununla yanaşı bukletlərin çapı və paylanması da nəzərdə tutulur. Seçki kampaniyamızın şüarı isə “İlhamla İrəli”dir”.
Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin təbliğat-təşviqat kampaniyasından isə AXCP-nin sədr müavini Gözəl Bayramlı danışıb. O bildirib ki, artıq seçicilərlə görüşlər planlaşdırılır: “Bakıda və rayonlarda mitinqlər, eləcə də qapalı zal görüşləri nəzərdə tutulur. Sentyabrın 22-də mitinq keçirmək üçün artıq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Televiziya və radio çıxışlarından da istifadə edəcəyik. Təbliğat materiallarının da artıq hazırlanmasına başlansa da bukletlərin paylanmasına hələ başlanmayıb. Kampaniyanın əsas şüarı budur: “Bəsdir”.
Millət vəkili Zahid Oruc da plakatların çapı və yayılması işləri üzərində çalışdıqlarını dedi: “Hazırda seçki qərargahında bu istiqamətdə iş aparılır. Yəqin ki, bu gün onların bölgələrə çatdırılması üçün işlər görüləcək. Seçki kampaniyasının şüarına gəlincə isə əsas iki şüar seçilib. Bunlardan biri təhsilin önəmini vurğulayan “Zəngin zəka, zəngin ölkədir” şüarıdır. Digər şüarımız isə “Bu günə dəyər, sabaha səs ver” şüarıdır.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə bildirib ki, rayon təşkilatlarına iki gün əvvəl son göstərişlər verilib: “Bu gün bütün rayonlara plakatlarımız, şüarlarımız göndərilib. Yerlərdə vəkillərimizin görüşləri başlayıb. Mümkün qədər xalqın içində olacağıq. Bu gün digər partiya sədrləri ilə görüşüm nəzərdə tutulur, onlar istəyir ki, məni dəstəkləmək barədə qərar versin. Seçki kampaniyasının şüarı olaraq “Səsimə səs ver. Ədalət istəyirsənsə, mənə səs ver. Demokratiya istəyirsənsə, mənə səs ver”.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə seçki kampaniyasına gecə 00:00-dan başlayıb: “Biz təbliğat-təşviqat kampaniyasına bu gün gecə saaatlarından start vermişik. Bu gündən şəhərdə təbliğat materialları paylanmağa başlayıb. Görüşlər üçün də hazırlaşırıq, artıq qrafik tutulub. Seçki kampaniyamızın şüarı isə “Dəyişək”dir.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirib ki, seçki platformasınıın yayılmasına rayonlarda və şəhərlərdə başlanıb: “Bu gün televiziyada çıxışlar olacaq. Yerlərdə görüşlər keçiriləcək. Kampaniyamızın şüarı “Biz gələcəyik, millətin dirçəlişi naminə”dir.
Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə isə deyib ki, təbliğat-təşviqat üçün materialların çapına bu gün başlanıb: “Bukletlərin bu gün çap olunmağı bununla bağlıdır ki, onların tiopoqrafiyadan çıxma tarixi qeyd olunmalıdır. Əks halda bu, irad tutula bilər ki, təbliğat-təşviqat kampaniyasına vaxtından əvvəl başlamışıq. Bundan başqa təbliğat-təşviqat işlərini həyata keçirməyinə icazə verilən media orqanları ilə görüşlərimiz olacaq”.
Araz Əlizadənin seçki kampaniyasının şüarı belədir: “Vətənin dayağıdır – ana, müəllim, hərbçi”.
Fatimə KƏRİMLİ