Monqolustanda nə baş verir? – Təfərrüatlar

   Monqolustanda nə baş verir? –    Təfərrüatlar
  13 Yanvar 2025    Oxunub:466
Üç gün əvvəl Monqolustanda kütləvi etirazlar başlayıb. Ölkənin paytaxtı Ulan-Batorda keçirilən mitinq iştirakçıları hökumətin istefasını tələb edirlər.
AzVision.az bildirir ki, Ulan-Batorun mərkəzi meydanında keçirilən mitinqə hakimiyyət tərəfindən razılıq verilib. Bəzi mənbələr aksiyalarda iştirak edən minə yaxın etirazçılar arasında, böyük ehtimalla, sərxoş gənclərin olduğunu iddia ediblər. “Central Asia Media” nəşrinin məlumatına görə isə, aksiyada iştirak edənlərin sayı üç min nəfərə çatıb.

Nümayişçilər hökuməti işsizlik, korrupsiya və bir neçə vaxtdır ki, ölkəni bürüyən dumanlı hava ilə bağlı problemləri həll edə bilməməkdə günahlandıraraq, onun istefası tələbini irəli sürüblər.

Mitinqin keçirilməsi üçün hakimiyyətin verdiyi icazə vaxtı bitdikdən sonra dağılışmayan etirazçılar, şəhərin əsas magistral yolunu bağlayıblar. Nəticədə Ulan-Batorda yüzlərlə sürücü və sərnişin yaranmış böyük tıxacda qalıblar. Aksiya zamanı təcili yardım maşınları əsas prospektlə hərəkət edə bilməyib, 15 marşrut avtobusu isə hərəkət qaydalarını dəyişmək məcburiyyətində qalıb.

“Monqolustan paytaxtının heç də bütün sakinləri və qonaqları etirazçıların hərəkətlərinə haqq qazandırmayıb. Sosial şəbəkələrdə aksiyadan qəzəbləndiyini bildirən ictimaiyyət, nümayişçilərə “başqalarının narahatlığına səbəb olmadan nümayiş hüququndan istifadə etmələri zərurətini” xatırladıb”, - “News.mn” portalı yazıb.

Etirazçılar həmçinin dövlət qurumlarının, Böyük Xuralın (parlament), ölkə prezidentinin və baş nazirinin kabinetlərinin yerləşdiyi Dövlət Sarayının yanında yürüş edərək, hətta ora soxulmağa cəhd göstəriblər. Təhlükəsizlik qüvvələri və xüsusi təyinatlılar nümayişçilərin binaya girməsinin qarşısını alıblar.

Genişmiqyaslı etirazın təşkilatçısı “Azadlıq Alyansı” adlı parlament partiyası olub. Etirazçıların əsas tələbi hökumətin istefaya getməsidir. Rusiyanın “RTVI” telekanalının məlumatına görə, partiya parlamentin 33 üzvünə hökumətin istefasına səs vermək təklifi ilə müraciət göndərib. Etirazçılar 24 saat ərzində cavab gözləyəcəklər.

- Baş nazir Oyun-Erdene Luvsannamsrainin hökuməti duman, tıxac, yoxsulluq, korrupsiya, vergilər və işsizlik kimi problemləri həll etməkdə acizliyini nümayiş etdirdi. Ona görə də istefa yerinə düşür”, - “News.mn” nəşri “Azadlıq Alyansı” Partiyasının nümayəndəsinin sözlərindən sitat gətirib.

Mitinq iştirakçıları öz məqsədlərinə çatmayana qədər etiraz aksiyalarını dayandırmayacaqlarını bildiriblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Monqolustan   mitinqlər  





Xəbər lenti