700 bal toplayan Abdulla: “Xaricdə təhsil almaq istəyirdim”

700 bal toplayan Abdulla: “Xaricdə təhsil almaq istəyirdim”
  27 Oktyabr 2017    Oxunub:2785
"Həyatda fəxr edəcəyim ən böyük uğurları hələ gözləyirəm"
AzVision.az Bakı Ali Neft Məktəbinin (BANM) 700 bal toplamış tələbələrindən biri Abdulla Əsgərzadə ilə müsahibəni təqdim edir:

-Ali məktəblərə qəbul imtahanında 700 bal toplamış Abdulla Əsgərzadə əslində kimdir?

-Mən Abdulla Əsgərzadə 25 avqust 2000-ci ildə Gəncədə anadan olmuşam. 2006-cı ildə Gəncə şəhər 31 saylı tam orta məktəbin 1-ci sinfinə getmişəm. 2012-ci ildə Gəncə Türk liseyinə qəbul imtahanında 1-ci yeri tutaraq pulsuz təhsil almaq imkanı qazanmışam. 2017-ci ildə həmin liseyi fərqlənmə attestatı ilə bitirmişəm. Həmin il ali məktəblərə qəbul imtahanında 700 bal toplayaraq BANM-in "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasına qəbul olmuşam. Atam ixtisasca həkim – nevropatoloq, anam isə ali təhsilli musiqi müəllimidir. Özümdən böyük 2 bacım tələbədirlər.

-Abdulla, həyatda fəxr etdiyin ən böyük uğurun nə olub?

-Həyatda fəxr edəcəyim ən böyük uğurları hələ gözləyirəm. Düzdür, indiyə qədər də uğurlarım çox olub. Liseyə qəbul imtahanında 1-ci yeri tutanda, ali məktəblərə qəbul imtahanında 700 bal toplayanda, qisa bir müddətdə İELTS imtahanını 6.5 balla verib birbaşa 2-ci kursa keçəndə, Prezident təqaüdünə layiq görüldüyümü eşidəndə, sözsüz ki çox sevindim. Ancaq bunlar mənim arzuladığım gələcək uğurların yalnız başlanğıcıdır. Mənə elə gəlir ki, layiq olduğum Prezident təqaüdünü axıra kimi saxlamaq, BANM-i fərqlənmə diplomu ilə bitirmək, magistr təhsilini xaricdə ən nüfuzlu universitetlərdən birində almaq, professional mütəxəssis kimi yetişib xalqımıza layiqli xidmət etmək kimi uğurlara imza ataramsa, o zaman fəxr etməyə dəyər.

-Ali məktəblərə seçim qarşısında olarkən niyə məhz Bakı Ali Neft Məktəbini seçdin?

-Mən BANM-ə böyük ümidlərlə gəlmişəm. Düşündüm ki, məni böyük uğurlar qazanmağa sövq edəcək ali təhsil məktəbi yalnız BANM ola bilər və ona görə də bu gün mən burdayam.

- BANM-i bitidikdən sonra özünü harada görürsən və niyə məhz həmin yerdə?

-Mən BANM-i bitirəndən sonra təhsilimi xaricdə davam etdirmək istəyirəm. Bu da təsadüfi deyil əslində mən bakalavr təhsilimi də xaricdə almaq istəyirdim. Ancaq valideynlərimlə birlikdə qərara gəldik ki, bakalavr təhsilini vətəndə məhz Bakı Ali Neft Məktəbində almaq daha məqsədə uyğun olar.

-Necə düşünürsən, bir tələbə məqsədinə nail ola bilmək üçün nə etməlidir?

-Yalnız tələbə deyil, hər bir kəs öz məqsədinə nail olmaq üçün əzmlə çalışmalı, qarşısına çıxan çətinlikləri dəf etməyi bacarmalıdır. Kiçik uğursuzluqlar olanda ruhdan düşüb geri çəkilmək olmaz.

-Səni həyatda ən çox nə motivasiya edir?

-Məni həyatda ən çox ruhlandıran valideynlərimin mənə diqqəti, qayğısı, inamı və etimadıdır. İndiyə qədərki nailiyyətlərimin əldə edilməsində onların böyük xidməti olub. Məni ən çox motivasiya edən də öz uğurlarımla valideynlərimi sevindirmək istəyidir.

-Ali məktəblərə qəbul və seçim qarşısında olan tələbələrimizə məsləhətin nə olardı?

-Ali məktəblərə qəbul və seçim qarşısında olan tələbələrə məsləhətim budur ki, həm ixtisas, həm də ali məktəb seçərkən çox diqqətli olsunlar. Hər bir tələbə özü qərar versə yaxşıdır, amma valideynlərlə məsləhətləşmək vacibdir. İxtisas düzgün seçildikdən sonra bütün çətinliklərə qalib gəlmək mümkün olacaq.

AzVision.az



Teqlər: 700-Bal   Tələbə   BANM  





Xəbər lenti