“Hakimiyyət çoxumuzu korladı” – Nəriman Nərimanovun oğluna gizli məktubu (MÜSAHİBƏ+VİDEO)

“Hakimiyyət çoxumuzu korladı” – Nəriman Nərimanovun oğluna gizli məktubu (MÜSAHİBƏ+VİDEO)
  22 Dekabr 2017    Oxunub:28880
Vəli Məmmədovun adı bəlkə də, gənclərin çoxuna heç nə demir. Tanıyanlar isə onun SSRİ Ali Sovetinin deputatı, Kommunist Partiyasının Bakı şəhər keçmiş “26-lar” (indiki Səbail) rayon komitəsinin birinci katibi olduğunu, ermənilərin Qarakənd səmasında vurduğu vertolyotda həyatını itirdiyini bilirlər. Amma o, həm də Azərbaycanın XX əsr tarixində böyük rol oynamış bir şəxsin – Nəriman Nərimanovun həyatının, irsinin ilk araşdırıcısı və dərin bilicisi olub.
Onun həyat yoldaşı Xalidə Əlizadə AzVision.az-a müsahibəsində Vəli Məmmədovun fəaliyyətinin bilinməyən məqamları və Nəriman Nərimanovla bağlı gördüyü işlərdən danışıb.



- Mən fəxr edirəm ki, Vəli kimi bir insanla ailə qurmuşam. O, ətrafında olanlardan çox fərqlənirdi, xeyirxah əməllərilə insanların etibarını qazanmışdı. Savadlı, işgüzar, Vətənini sevən bir insan idi, Azərbaycan və Rus dillərini mükəməllə bilirdi. Həmişə evdə bizdən tələb edirdi ki, yalnız Azərbaycan dilində danışaq. “Qorkom”un (Şəhər Komitəsi) katibi işləyən zaman bütün sənədləri Azərbaycan dilində qeydiyyatdan keçirməyə nail olmuşdu. Hətta bir dəfə ikinci katibə Azərbaycan dilində məktub yazmışdı.



Vəli həmişə çətin, mürəkkəb və böyük cəsarət tələb edən işlərlə məşğul olurdu. Bunlardan biri də Nəriman Nərimanov mövzusu idi. 1950-ci illərdə Nərimanovun adını çəkmək mümkün deyildi. Çox qorxulu illər idi. Amma buna baxmayaraq, Vəli dissertasiya mövzusu kimi Nəriman Nərimanovun həyatını, fəaliyyətini araşdırmağı seçmişdi. Bu məsələ ilə bağlı Səməd Vurğunun yanına məsləhət almağa getmişdi. Səməd Vurğun isə bir qədər düşünüb, cavab vermişdi: “Vəli, sən çox çətin işdən yapışmısan. Amma məndən olsa, Nərimanovun heykəlini Kommunist küçəsində ucaldardım”.


(Nəriman Nərimanov ailəsi ilə birlikdə )

Vəli öz təqaüdünə qənaət edərək, bir qədər borc götürüb, Moskva, Peterburq, Odessa, Tiflis, Kiyev, Həştərxana getdi. Nəriman Nərimanovla bağlı oralarda olan bütün sənədləri topalayıb, Bakıya gətirdi. Maddi vəziyyətinin pis olmasına baxmayaraq, Vəli bütün bu sənədləri çap etdirib, bir nüsxəsini hökumət arxivlərinə payladı, digərini isə özündə saxladı. Bu materiallar əsasında xeyli dissertasiya işləri müdafiə olunub. Amma Vəlinin özünə Nərimanovla bağlı elmi işini müdafiə etmək qismət olmadı. Səbəbini belə izah edirdi: “Mənim ata-anam yaşlıdır. Ailənin böyük oğluyam. Mən bacı-qardaşlarıma təhsil vermək arzusundayam. Evimiz yoxdur. Məhz bu səbəblərə görə mən Nərimanovla bağlı elmi işimi müdafiə edə bilmədim. Məcbur olub, hökumət işinə keçdim”.


(Vəli Məmmədov iclasda )

Bütün bunlar Vəlini elmi axtarışlarından uzaqlaşdırdı. Amma o, hər il Nərimanovla bağlı məqalələr yazırdı. 1957-ci ildə yazdığı kitabla Nəriman Nərimanovun ilk tətqiqatçısı adını qazandı. 1988-ci ildə Nəriman Nərimanovun məqalələrini toplayıb, kitab kimi dərc etdirək, mitinq işçtiraçılarına payladı. Həmin kitabda Nərimanovun ermənilərə qarşı fikirləri də yer alıb.


Nəriman Nərimanov yeganə oğlu Nəcəflə birlikdə

Nəriman Nərimanovun oğuna yazdığı vəsiyyət xarakterli məktubu da ilk dəfə Vəli tapıb üzə çıxarıb. Nərimanovun yeganə oğlu, qvardiya baş leytenantı Nəcəf Nərimanov Stalinqrad döyüşlərində igidlik göstərib, birinci dərəcəli "Vətən Müharibəsi" ordeni və "Stalinqradın müdafiəsinə görə" medalı ilə təltif olunub. Moskva şəhərindən hərbi xidmətə çağırılıb. Taqım komandiri kimi qulluq edib. 1943-cü ildə həlak olub. Ukrayna Respublikasının Donetsk vilayətinin Volnovaxa şəhərində dəfn edilib.



Vəli 1957-ci ildə gedib Ukraynada Nəcəfin məzarını tapdı, atasının məktubunu qəbrinin üstündə oxudu. Bununla da ürəyində təsəlli tapdı ki, bir atanın vəsiyyət məktubunu oğluna çatdırıb.


(Nəriman Nərimanov oğlu Nəcəfə məktubu )

- Vəli Məmmədovun Nəriman Nərimanova bu qədər bağlılığının səbəbi nə idi?


- Vəlini Nərimanovsuz təsəvvür etmək olmazdı. Elə bil ki, Nərimanovun fikiri, ruhu, idealı onun varlığına hopmuşdu, nərimanlaşmışdı. Nərimanovla bağlı bütün iclaslarda çıxış edərdi, onun xidmətlərindən danışardı. Həmişə deyirdi ki, Nərimanov çox işıqlı insandır. Son vaxtlar çoxları Nərmanovun əleyhinə danışırdılar. Vəli də onlara cavab olaraq, Nərimanovun məqalələrini bir yerə toplayıb, kitab kimi çıxardı.


(Nəriman Nərimanovun oğlu Nəcəf Nərimanov )

- Vəli Məmmədovu Hacı Zeynalabidin Tağıyevin qızı Sara Tağıyeva ilə hansı tellər bağlayırdı?

- Vəli 1965-ci ildə Nəriman Nərimanov haqqında çəkilmiş sənədli filmin müəllifi idi. 1969-cu ildə isə “Ulduzlar sönmür” adlı bədii filmin redaktoru oldu. Vəli bu filmdə milyonçu Hacı Zeynalabidin Tağıyevin də obrazını yaratmış, onu maarifçi, ziyalı, xeyriyyəçi kimi təqdim etmişdi. Film Mərkəzi Komitədə müzakirə ediləndə Vəliyə tapşırıq verilir ki, Tağıyevlə bağlı hissəni çıxarsın. Vəli isə bu təklifi rədd edərək, deyir ki, xeyriyyəçi Tağıyevin qiymətini verməyin vaxtı gəlib çatıb. Beləliklə, Tağıyevlə bağlı həmin hissə filmdə qalır. Sara Tağıyeva həmişə Vəliyə deyərdi ki, “Hamı məndən qorxub qaçanda, təkcə sən mənə arxa-dayaq oldun”. Buna görə də atası ilə bağlı çətinliklərə topladığı sənədlərin böyük bir hissəsini Vəliyə vermişdi. Sara xanım yaxşı bilirdi ki, Vəli həmin sənədləri yaxşı saxlayacaq və lazım olan yerlərə çatdıracaq.
Mən həmin vaxtlar Sara Tağıyevanı küçədə görürdüm. O, əlində çanta qorxa-qorxa qaçırdı. Elə bilirdi ki, hamı onun çantasını oğurlamaq istəyir. Daha sonra Sara xanım çantasındakıları Vəliyə etibar etdi.


(Hacı Zeynalabidin Tağıyevin qızı Sara Tağıyeva)

Qarakənd faciəsi noyabr ayının 20-də olmuşdu. Ayın 23-cü biz eşitdik ki, Vəli də vertolyotda olub və həlak olub. Bir həftə sonra Sara Tağıyeva mənə zəng edib dedi ki, “Xalidə, mən ikinci atamı da itirdim, bundan sonra çətin ki, yaşayım. Vəlidən bir həfətə sonra Sara Tağıyeva da dünyasını dəyişdi.


(Nəriman Nərimanov və həyat yoldaşı )

- Onunla bağlı unutmadığınız hansı xatirələriniz var?

- Bizim toyumuz 1965-ci ilin martın 20-də Novruz bayramı vaxtı olub. Vəli Bahar bayramı ilə bağlı bütün kitabları oxumuş, 1967-ci ildə ilk dəfə bayramı keçirmək üçün bir ssenarı yazmışdı. 1967-ci ildə Qız Qalasının qabağında təntənəli bir Bahar Bayramı təşkil olundu. Tədbirdə ilk dəfə Qız Qalasının üstündə Novruz məşəli yandırıldı, Bahar qızı gəldi, Bulvarda gəzinti oldu, ağaclar əkildi. Mən də qızım Leyla ilə bilikdə həmin mərasimə getmişdik. Çarşablı qadınlar, evdən çıxmayan insanlar, yaşlılar - hamısı Qız Qalasına bayram keçirməyə gəlmişdilər. Bu bayramın qeyd olunmasına görə Vəlini biz az incitdilər. Daha sonra isə Novruz Komitəsi yaradıldı, bu bayram evlərdən meydanlara çıxdı. Bu işdə Vəlinin xüsusi xidmətləri olub.



Jurnalist: Hafiz Əhmədov
Foto: Elvin Abdulla
Video / montaj: Ə.Xəlilov / B.Məmmədov




“Bəlkə də sən bu sətirləri oxuyarkən bolşevizm olmayacaq”
Nəriman Nərimanovun 1925-ci il, yanvarın 28-də Moskvada olarkən oğlu Nəcəfə yazdığı məktub:


“1895-ci il yanvarın 15-də Bakıda Tağıyev teatrında ilk dəfə tamaşaya qoyulan pyesim “Nadanlıq” oldu. Həmin günü ədəbi işimin başlanğıcı hesab edirəm. Bu gün - 1925-ci il yanvarın 28-də həmin vaxtdan 30 il keçir. Dostlarımdan bəziləri bu xəbəri eşidib, həmin günü balaca şadyanalıq etməyi arzulamışlar. Artıq onlardan teleqramlar almışam.


Nəriman Nərimanovun həyat yoldaşı və oğlu

Əlbəttə, ciddi şəkildə götür-qoy etsək, demək olar, əslində heç bir iş görməmişəm. 30 il! Yəqin ki, bu müddət ərzində nəsə bir iş görmək olardı. Bu müddətdə yazdıqlarımı həmin vaxtla müqayisə etdikdə xəcalət çəkirəm... Lakin digər tərəfdən, bütün həmin vaxtı, yaşadığım bütün həmin mühiti, ömrümün bütün dolanbac yollarını təsəvvürə gətirdikdə, hər halda, bununla təskinlik tapıram ki, ümumən az da olsa, bəzi sahələrdə çox iş görmüşəm.

Təkcə məni əhatə edən mühit, onun geriliyi, süstlüyü, fəaliyyətsizliyi, ətraf həyat hadisələrinə biganəliyi, millətlərarası mənasız didişmələr, buradan irəli gələn iztirablar: qanlar, göz yaşları, yoxsulluq, riyakarlıq və sair mənə rahatlıq verməyib. Bunlar yazdığım bütün əsərlərdə əksini tapıb. Bəlkə də bütün bunlar bədii cəhətdən zəif qələmə alınıb, lakin qüvvəm və imkanım daxilində bütün bunlara yazılarımda münasibətimi bildirməyim onu göstərir ki, mən bir çoxları kimi ətrafımdakı mühitə laqeyd qala bilməzdim. Qəlbim narahat idi, istəyir və çalışırdım ki, bəşəriyyətə nəsə bir fayda verim.


Nəcəf Nərimanov hərbi xidmətdə

Mənə - 30 il ictimai sahədə işləmiş adama təskinlik verən yalnız və yalnız budur. Əgər sadə işimlə bu müddətdə öz “xəstəliyimi”, heç olmasa, beş-on adama “yoluxdura” bilmişəmsə, hətta bu, məni və düşüncəmi o mənada rahat buraxar ki, ömrümü əbəs yerə yaşamamışam və bu geniş, həm də darısqal dünyada əbəs yer tutmamışam...

Əziz oğlum Nəcəf! Əgər ömür vəfa qılsa, çalışacağam səni elə hazırlayım ki, bəşəriyyət üçün daha çox iş görəsən. Ancaq taleyin hökmüylə tezliklə əbədi məskənə köçəsi olsam, onda səndən xahişim bu olar ki, heç olmasa daim özgələrin dərd-sərini çəkən atan kimi cüzi işləri yerinə yetirəsən.



Mənim həyatım, ömrüm qayğılarla dolu olub. Qardaşımın və bacılarımın ailələri iyirmi yaşımdan mənim boynumda olub. Bu 30 ildə 11 adam böyüdüb boya-başa çatdırmışam. Onlardan 8 qız uşağını ərə vermişəm, yerdə qalan üçünü cüzi məvacibimlə böyütmüşəm. Bütün bu işləri sahmana salandan sonra yenidən oxumağa başladım, 30 yaşında universitetə daxil oldum. Universiteti qurtardıqdan sonra var qüvvəmi Salman qardaşımın balalarının tərbiyəsinə sərf etdim. Bütün bunlardan yalnız indi, qardaşımın sonuncu qızı Xanımı 1924-cü ildə ərə verəndən sonra azad olmuşam. Bu məktubu isə aradan bir il keçəndən sonra, məhz 1925-ci ildə yazıram. Bütün bunları sənə ona görə yazıram ki, məni bəşəriyyət üçün az iş görməyim üstündə qınamayasan. Bu mənada, ümidvaram ki, sən gördüyüm işləri davam etdirib, başa çatdıracaqsan.

Əziz oğlum! Əgər həyatımı öyrənsən, əmin olarsan ki, mən ömrümün ən azı 1925-ci ilədək olan dövrünü başqaları üçün yaşamışam. Bəs sonrası necə olacaq? Sonrası beləcə də davam edəcək, çünki mən yalnız belə ictimai işdə məmnunluq tapıram. Üstəlik, Rusiyadakı indiki quruluş mənim ruhi aləmimə hər şeydən daha çox uyğundur.

Ümumiyyətlə, mən insanın insan tərəfindən əsarətinin əleyhinəyəm. Harada olursa-olsun, bütün varlığımla köləliyə qarşıyam. Bəşəriyyətin tezliklə nadanlıqdan və eləcə də köləlikdən azad olması üçün yollar axtarmışam. Sosial-demokrat da olmuşam. Lakin bu təşkilat get-gedə idealdan daha çox uzaqlaşır. Bolşeviklərin proqramını xüsusi məmnunluqla qəbul etmişəm, çünki həmin sənəddə tezliklə məhz öz proqramımın həyata keçiriləcəyini - yer üzündə köləliyin məhv ediləcəyini görmüşəm və görürəm.

Bəlkə də sən bu sətirləri oxuyarkən bolşevizm heç olmayacaq. Lakin bu, heç də o demək deyil ki, bolşevizm yaramır; bu, o demək olacaq ki, biz onu saxlamağı bacarmadıq, yetərincə qiymətləndirmədik, işin qulpundan pis yapışdıq. Sözün açığı, hakimiyyətlə o qədər lovğalandıq ki, başımız boş-boş işlərə, dedi-qodulara qarışdı, vacib olanı əldən buraxdıq. Hakimiyyət çoxlarını korlayır. Belə də oldu: hakimiyyət yetərincə yaxşı, görkəmli işçilərin çoxunu korladı. Onlar nəhəng dövlətin taleyini əllərinə alaraq və hesabat vermədən diktatorluq etmək qərarına gəldilər... Belə rəhbərlik ilk vaxtlar üçün zəruri idi, lakin bu vəziyyəti indiyədək davam etdirmək bolşevizmin süqutunu yaxınlaşdırmaq deməkdi.


Nəriman Nərimanov ailəsi ilə birlikdə

İndi bu sətirləri sənə yazdığım vaxt işimiz o yerə çatıb ki, ən yaxın kommunist dostlar Lenindən sonra özlərini onun qanuni varisi adlandıran şəxslərin dövləti idarə edə bilməmələrindən yaranan nöqsanlarımız barədə bir-biri ilə danışa bilmirlər...

Bunları sən mənim MK-dakı geniş məruzəmdən öyrənəcəksən. Həmin məruzə sənə bütün bunlardan baş çıxarmağa imkan yaradacaq və elə bu məruzədən də öyrənəcəksən ki, çoxları öz vəzifə-mənsəblərini itirə biləcəkləri qorxusundan dinmədikləri halda, sənin atan bu barədə cəsarətlə danışırdı.

Əzizim Nəcəf! Vəzifə-mənsəb arxasınca qaçma, çünki bu, insanı korlayır. Əgər bir adamı yaxşı tanımaq, onun bütün daxili aləminə bələd olmaq istəyirsənsə, onu bir müddət vəzifə başına qoy. Tezliklə həmin adamın müsbət və mənfi cəhətləri üzə çıxacaq. Bu baxımdan əgər sən kütlələri hiyləsiz-yalansız öz arxanca aparmağa hazır deyilsənsə, yaxşısı budur, ondan imtina edəsən... Əgər kütlə (fəhlə və kəndlilər) səni dəyərləndirərsə, hakimiyyətdə iştirakını zəruri hesab edərsə, sənə etibar edərsə və sən bu etibara əsasən ümumi işə müəyyən fayda verəcəyinə əmin olarsansa, onda imtina etmə.

Burada yalnız bircə şərt var ki, gərək onu müəyyənləşdirəsən: yəni kütlə sənin hakimiyyətdə iştirakını öz arzusu ilə, könüllümü qəbul edib, yoxsa məcburi? Əgər səndə zərrə qədər şübhə yeri varsa ki, kimlər tərəfındən olursa-olsun məcburi seçilirsən, onda yaxşı olar, imtina edəsən. Əks halda ləyaqətini nəinki təkcə kütlə, həm də öz qarşında itirəcəksən. Hər dəfə hakimiyyətə öz ləyaqətinə görə yox, məcburi gəldiyini dərk etdikcə, müəyyən ruhi sıxıntı, əzab çəkəcək, sistematik olaraq ləyaqətini nəinki kütlələrin, həm də öz gözündə itirəcəksən... Buradan da sənin sonrakı dünyagörüşündə pozuntu əmələ gələcək. Bu isə ictimai xadimin həyatında təhlükəli məqamdır.



Sən müstəqil həyata hazır olduğun zaman bütün bunlara tab gətirmək mümkündür. Bu, nə deməkdir? Yəni özünə elə peşə və ya sənət seçməlisən ki, şəxsiyyətdən, yaxud idarədən az asılı olsun. Sənə aydın olsun deyə, öz həyatımdan misal çəkəcəyəm. Artıq bilirsən ki, universitetə daxil olum deyə 30 yaşında kamal attestatı almaq üçün imtahan verdim. Sonra belə bir sual qarşısında qaldım: hara daxil olmalı? Yaşım və bütün həyat şəraitim mənə tezliklə universiteti bitirməyi diqtə edirdi. Odur ki, elə fakültə seçmək lazım idi ki, az vaxt aparsın. Qarşımda belə bir sual dayanmışdı: hüquq (o vaxt hüquq fakültəsi asan fakültə sayılırdı), yaxud təbiyyat fakültəsinə daxil olum? Çünki həmin fakültələrdə 4 il oxumaq lazım idi. Bu fakültələri bitirdikdən sonra şəxsiyyətlərdən, yaxud idarələrdən daha çox asılı olmayım deyə, fikirdən vaz keçdim və ömrüm boyu kənar şəxslərdən az asılı olmaq üçün tibb fakültəsinə daxil oldum.

Bu, səbəbin biridir, digər səbəb isə belə idi: sənin nənən, mənim anam Həlimə rəhmli, başqalarının halına acıyan, xeyirxah qadın idi. Ehtiyacı olanlara imkan daxilində əl tutar, qonşuluqdakı xəstə qadınların qayğısına qalar, bir tikə çörəyini onlarla bölüşərdi. Kiçik yaşlarımdan müşahidə etdiyim üçün, çox güman bütün bunlar mənə təsir gostərmişdi... Odur ki, tibb fakültəsində oxumaq uzun vaxt aparsa da, çətinlikləri çox olsa da, şəxsiyyət və idarələrdən mümkün qədər asılı olmamaq və daha çox ruhi rahatlıq əldə etmək üçün mən həmin fakültəyə daxil oldum...”


Nəriman Nərimanovun məzarı başında- oğlu və həyat yoldaşı


Teqlər: Nəriman-Nərimanov   Vəli-Məmmədov  





Xəbər lenti