Kənd Təsərrüfatında Niderland əməkdaşlığı

Kənd Təsərrüfatında Niderland əməkdaşlığı
  03 Oktyabr 2013    Oxunub:1268
Azərbaycan ilə Niderland Krallığı arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir
AzVsison.az xəbər verir ki, bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Niderland Krallığının Azərbaycandakı səfiri Robert Jan Qabrielsen ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir İsmət Abasov yeni təyinat münasibətilə Robert Jan Qabrielseni təbrik edib və Azərbaycandakı diplomatik fəaliyyətində ona uğurlar arzulayıb.

İ.Abasov Azərbaycan və Niderland Krallığının kənd təsərrüfatı sahəsində geniş potensiala malik olduğunu vurğulayaraq, bu potensialın reallaşdırılması və kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin daha da artırılması üçün əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu bildirdi. Nazir Azərbaycandan Avropa İttifaqı ölkələrinə, o cümlədən Niderlanda kənd təsərrüfatı məhsullarının ixracının asanlaşdırılması məqsədi ilə baytarlıq və fitosanitariya sahələrində ikitərəfli sazişlərin imzalanmasının zəruri olduğunu qeyd etdi.

İ.Abasov Azərbaycanda aqrar sahənin ümumi inkişaf konsepsiyası və müsbət artım dinamikası, dövlət tərəfindən göstərilən yardımlar barədə qonağa ətraflı məlumat verib.

Görüşdə, həmçinin ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, sertifikatlı toxumçuluğun və tingçiliyin təşkili və digər sahələrdə birgə texniki yardım layihələrinin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Öz növbəsində Robert Jan Qabrielsen hər iki ölkənin kənd təsərrüfatı sahəsində böyük potensiala və ənənəyə malik olduğunu, bu potensialın hərtərəfli şəkildə reallaşdırılması məqsədi ilə mövcud imkanların daha dərindən araşdırılmasının vacibliyini qeyd etdi.

Azərbaycanın regionda artan rolunun və iqtisadi tərəqqisinin təqdirəlayiq olduğunu vurğulayan səfir fəaliyyəti dövründə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini bildirdi.


Teqlər:





Xəbər lenti