SOCAR Türkiyəyə 17 milyard yatırım edir

SOCAR Türkiyəyə 17 milyard yatırım edir
  03 Oktyabr 2013    Oxunub:1415
Azərbaycanın KİV nümayəndələri “SOCAR-Türkiyə AŞ” şirkətinin rəhbəri Kənan Yavuzla görüşdü.
Azərbaycanın kütləvi informasiya vasitələrinin nümayəndələri Türkiyənin İstanbul şəhərində “SOCAR-Türkiyə AŞ” şirkətinin direktoru və “Petkim” Petrokimya Şirkəti idarə heyətinin üzvü Kənan Yavuzla görüş keçirib.

Azvsison.az xəbər verir ki, görüşdə çıxış edən K.Yavuz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin həyata keçirdiyi və gələcəkdə reallaşdırmağı nəzərdə tutduğu layihələrin hər iki ölkənin vətəndaşlarının rifahına xidmət etdiyini söyləyib. Bildirilib ki, 2008-ci ildə “Petkim”in əsas hissələrini alaraq Türkiyə bazarına qoşulan SOCAR bu ölkədə neft-kimya sektorunun yenidən qurulmasına 250 milyon dollar sərmayə yatırıb. Bu da şirkətin illik istehsal həcminin 10 faiz artmasına səbəb olub.

Qeyd olundu ki, SOCAR-ın qardaş ölkədə ən böyük sərmayəsi “Star” neft emalı zavodunun tikintisinə yönəldilib. İllik 10 milyon ton emal gücünə malik olan zavodun layihə dəyəri 5 milyard dollar təşkil edir. Tikintisinin 2017-ci ilə başa çatdırılması planlaşdırılan zavodda emal ediləcək məhsulun 3 milyon tonu “Petkim” şirkəti tərəfindən Türkiyədə istehlak olunacaq, qalan 7 milyon tonu isə dünya bazarına çıxarılacaq. Layihə çərçivəsində İzmir şəhərinin Əliağa bölgəsində 600 meqavat gücündə yeni istilik elektrik stansiyası tikiləcək. Həmçinin yeni konteyner limanının tikintisinə 300 milyon dollar sərmayə yatırılacaq.

Diqqətə çatdırıldı ki, SOCAR-ın Türkiyədəki ən böyük sərmayəsi və əhəmiyyətli layihəsi bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanmış Trans-Anadolu Boru Xətti (TANAP) layihəsidir. İldə 16 milyard kubmetr təbii qaz nəqlinə hesablanmış boru kəmərinin 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Bu kəmərlə daşınacaq qazın 6 milyard kubmetri Türkiyəyə, qalanı isə Avropaya satılacaq. Bununla da, Azərbaycandan Türkiyəyə ixrac olunacaq qazın həcmi 12,6 milyard kubmetrə çatacaq.

K.Yavuz bildirdi ki, 2018-ci ilədək SOCAR Türkiyəyə 17 milyard dollar investisiya yatıracaq.

Bununla da “SOCAR-Türkiyə AŞ” “Sabançı” və “Koç” kimi holdinqlər ilə birlikdə ölkənin üç böyük şirkətindən biri olacaq.


Teqlər:  





Xəbər lenti