Nazirlik qanunu pozanları cərimələdi

Nazirlik qanunu pozanları cərimələdi
  22 Oktyabr 2013    Oxunub:1249
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2013-cü ilin 9 ayı ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 2113 akt və 519 protokol tərtib olunub, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən icrası məcburi olan 924 müddətli məcburi göstəriş verilib.
AzVision.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 571 iş üzrə 4 milyon 389 min 265 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyanla bağlı 378 iş üzrə 2834859.72 manat məbləğində iddia qaldırılıb.

Ətraf mühitə (torpaq, su, atmosfer) tullantıların atılmasına və axıdılmasına görə idarə və müəssisələrə 4622 iş üzrə 1001890.08 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 200 işdən 26-na, icra qruplarına göndərilmiş 302 işdən 191-nə, məhkəmələrə göndərilmiş 120 işdən 49-na baxılaraq müvafiq tədbirlər görülüb. İcra qruplarına göndərilmiş 5 iş rədd edilmişdir.

Ümumilikdə “Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fonduna” 2934178.38 manat vəsaitin köçürülməsi təmin edilib.
Su ehtiyatlarının mühafizəsi üzrə 254 akt və 55 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən icrası məcburi olan 124 müddətli məcburi göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 55 iş üzrə 160400 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 1 iş üzrə 2000000 manat məbləğində iddia qaldırılıb. İdarə və müəssisələrə 896 iş üzrə 312908.88 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün icra qruplarına göndərilmiş 30 işdən 8-nə baxılaraq müvafiq tədbirlər görülmüş, hüquq mühafizə orqanlarına göndərilmiş 5, məhkəmələrə göndərilmiş 1 işə baxılmayıb.

Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırma aparılaraq 296 akt və 31 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 236 müddətli məcburi göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 21 iş üzrə 69350 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 2 iş üzrə 90 manat məbləğində iddia qaldırılıb. İdarə və müəssisələrə 1790 iş üzrə 284125.24 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün icra qruplarına göndərilmiş 10 işdən 6-na baxılaraq müvafiq tədbirlər görülüb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti