Müsavatın yeni başqanı kim olacaq? - AÇIQLAMA

Müsavatın yeni başqanı kim olacaq? - AÇIQLAMA
  04 Noyabr 2013    Oxunub:1252
Müsavat seçim qarşısında: Arif Hacılı, yoxsa Arzu Səmədbəyli?
Son günlər ən çox müzakirə olunan məsələlərdən bir də Müsavat partiyasının qurultay məsələsidir. Qurultay keçiriləcəyi təqdirdə partiya Nizamnaməsinə əsasən, İsa Qəmbər başqanlıqdan getməli, onu başqası əvəz etməlidir.

Belə olan halda Müsavatın yeni başqanı kim ola bilər? Başqanlığa namizədlər arasında iki nəfərin adı daha çox hallanır. Partiyanın bir qrup üzü Arif Hacılını başqan görmək istəyir. Arzu Səmədbəyli də İsa Qəmbərin yerinə iddialı namizəd hesab edilir.

Siyasi ekspert Elxan Şahinoğlu Müsavatda baş verən son prosesləri AzVision.az-a şərh edib. Politoloq bildirib ki, İsa Qəmbərin başqanlıqdan getməyini partiyanın dağılması kimi qiymətləndirmək olmaz:

“İsa Qəmbər özü də deyib ki, 3-cü dəfə sədr olmaq istəmir. Düzdür, partiyada müəyyən etirazlar var ki, onlar İsa Qəmbərin yenidən sədr seçilməyini istəyir və hesab edirlər ki, əks təqdirdə partiya dağıla bilər. Mən bu arqumenti qəbul etmirəm. Bir müxalifət partiyası hakimiyyəti tənqid edir və qınayırsa ki, başqa qüvvələrin hakimiyyətə gəlməyinə imkan vermir, gərək özü də bu örnəyi göstərsin”.

Partiyanın yeni sədrinin kim olacağına gəlincə isə, E.Şahinoğlu deyib ki, Arif Hacılı ilə Arzu Səmədbəylinin adı çəkilir, böyük ehtimalla hər ikisinin partiyada tərəfdarları var:

“Bu iki nəfərdən birinin seçki yolu ilə partiya başqanlığına gəlmək yolu açılmalıdır. Başqa bir variant da var ki, partiya başqanı özü kimisə məsləhət görsün, amma bu, demokratik üsul sayılmaz. Ona görə də partiya sədri özü kiməsə üstünlük verməməlidir, partiya üzvləri müəyyənləşdirməlidir ki, başqan kim olsun”.

Namizədlərdən hansının daha şanslı olduğu barədə isə siyasi ekspert bunları deyib: “Kimin şanslı olduğu haqda indidən fikir desək partiyanın daxili işinə qarışmış olarıq. Bu barədə yalnız o zaman danışmaq olar ki, başqanlıq uğrunda kampaniya başlasın və bu təbliğat kampyaniyasına əsasən fikir söyləmək olar”.

Müsavat Partiyasının üzvü Tural Abbaslı kimin başqan olacağının proqnozlarını verib.

“Hələ ki, partiyanın qurultayının dəqiq günü bilinmədiyi üçün üzvlərdən heç kim namizədlik iddiasını açıqlamayıb. Ona görə də indidən kimin daha şanslı olduğunu demək mümkün deyil. Hətta kimlərin namizəd olacağı dəqiq deyil. Sizi əmin edirəm ki, namizədlərin adı açıqlanan zaman müxtəlif adlar hallanacaq”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti