Bakıda VI Beynəlxalq bank konfransı keçiriləcək

Bakıda VI Beynəlxalq bank konfransı keçiriləcək
  08 Noyabr 2013    Oxunub:1531
Cari il noyabrın 15-16-da MDB-nin Maliyyə-Bank Şurası Azərbaycan Beynəlxalq Bankının, MDB İcraiyyə Komitəsinin dəstəyi ilə MDB-yə üzv dövlətlərin VI Bakı Beynəlxalq bank konfransını keçirəcəkdir. Builki konfransın mövzusu belədir: “MDB-nin maliyyə bazarları Birlik məkanında iqtisadi inteqrasiyanın əsasıdır”. AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən bildiriblər.

Konfransın işgüzar proqramında dünya maliyə sisteminin qloballaşması şəraitində MDB-yə üzv dövlətlərin bank sistemlərinin fəaliyyəti məsələlərinin, pərakəndə bank xidmətləri bazarının inkişaf xüsusiyyətlərinin, regional, xüsusən də Xəzəryanı regionların inkişaf perspektivlərinin, MDB məkanında iqtisadi proqramların, habelə digər aktual məsələlərin müzakirəsi nəzərdə tutulur.

Plenar iclaslarda MDB iqtisadiyyatlarının inkişaf sürətinin azalması şəraitində maliyyə təsisatlarının artım ehtiyatları, Birlik ölkələrinin maliyyə sektorunun investisiya cazibədarlığının artırılması faktorları, maliyyə təsisatlarının səmərəliyinin yüksəldilməsində insan kapitalının rolu və s. problemlərin müzakirəsi planlaşdırılır.

Bakı konfransı Birlik dövlətlərinin və uzaq xarici ölkələrin ən iri maliyyə, bank və investisiya təsisatlarının ildən-ilə daha çox tanınmış rəhbərlərini bir yerə toplayır.

Konfransın işində Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov, Ukrayna Milli Bankının sədri İqor Sorkin, VTB Bankı İdarə Heyətinin sədri, MDB Maliyyə-Bank Şurasının prezidenti Andrey Kostin, Tacikistan Respublikası Milli Bankı sədrinin birinci müavini Yusufiyon Cəmşid, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri, MDB Maliyyə-Bank Şurasının birinci vitse-prezidenti Cahangir Hacıyev, Mərkəzi və Şərqi Avropa ölkələri Bank Assosiasiyasının baş katibi İştvan Lendyel, Rusiya Regional Banklar Assosiasiyasının prezidenti, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Anatoli Aksakov, Beynəlxalq Bank Şurasının sədri Aleksandr Murıçev və başqalarının iştirakı planlaşdırılır.

KİV-lərin akkreditasiyası cari il noyabrın 8-dək keçiriləcək.


Teqlər:  





Xəbər lenti