Dünyada ilin yekunları: “Venesuela baharı”ndan İran payızına qədər – TƏHLİL

      Dünyada ilin yekunları:    “Venesuela baharı”ndan İran payızına qədər –    TƏHLİL
  30 Dekabr 2019    Oxunub:6644
(Yazının birinci hissəsini buradan oxuya bilərsiniz)

2019-cu il dünya ölkələrində genişmiqyaslı kütləvi etiraz aksiyaları ilə yadda qaldı. Venesuela, Honkonq, İran, Fransa, Rusiya, İraq, Livan, Boliviya və Çilinin tarixinə 2019 kütləvi etirazlar ili kimi düşdü. Xüsusilə Venesuela, Honkonq və İrandakı etirazlar miqyasına və qlobal anlamda təsirinə görə digərlərindən seçildi.

2019-cu ilin əvvəlində Venesuela müxalifətinin lideri, eyni zamanda parlamentin spikeri Xuan Quaydo ölkədə prezident Maduronun qələbəsi ilə başa çatmış seçkilərin nəticələrini qeyri-qanuni adlandıraraq, özünü prezident elan edir. ABŞ, Avropa Birliyi və bir sıra Latın Amerikası ölkələrinin Quaydonu, Rusiya, Türkiyə, İran və Kuba kimi dövlətlərin isə Maduronu prezident kimi tanıması Venesuelada faktiki ikihakimiyyətlilik yaratdı. Vətəndaş müharibəsi vəziyyətinə gələn ölkədə ilin ortasında prezident Maduronun əmrilə xarici hərbi müdaxiləyə qarşı Kolumbiya ilə sərhəddə hərbi təlimlərə başladıldı.

Rusiyanın Venesuellaya hərbi yardım göstərməsi, ABŞ rəsmilərinin Karakasa qarşı hərbi əməliyyatları istisna etməməsi bu ölkənin növbəti qaynar nöqtəyə çevriləcəyi barədə proqnozların səslənməsinə əsas yaradırdı. “Qırğı” siyasətinin ABŞ-ın qonşuluğunda müharibə ocağının yaranması ilə nəticələnəcəyindən ehtiyatlanan Vaşinqtonun sentyabr ayından etibarən xarici siyasətində “yumşalma” sezilməyə başladı və bunun nəticəsi olaraq prezidentin mili təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Donald Tramp tərəfindən istefaya göndəridi. Con Bolton Amerikanın xarici siyasətdə sərt və qətiyyətli addımların tərəfdarı kimi çıxış edirdi.

2019-cu il Yaxın Şərqdə “Ərəb baharı” yenidən baş qaldırdı. 2011-ci ildən fərqli olaraq, bu dəfə “Ərəb baharı” nın yelləri İran da daxil olmaqla, onun siyasi təsir dairəsində olan İraq və Livanın üzərindən əsməklə, “şiə oxu”nda sabitliyi pozdu. İraq və Livanda sosial şəbəkələr vasitəsilə təşkilatlanan və heç bir liderləri olmayan yüz minlərlə insan mövcud idarəetmə rejiminə qarşı çıxdılar. Nəticədə bu ölkələrin hökumətləri istefays getməli oldu. Ancaq bu, etirazçıları qane etmədi və onlar mövcud siyasi sistemin ləğvini tələb etməyə başladılar.

Bunun ardınca regionun ən qüdrətli dövləti olan İranda benzinin qiymətinin artmasına etiraz olaraq, kütləvi nümayişlər baş qaldırdı. İran hökuməti etirazların xaricdən idarə olunduğunu iddia edərək və təhlükəsizlik məqsədilə ölkə ərazisində interneti kəsmək qərarına gəldi. Məhz bu səbəbdən İranda baş verənlər barədə hələ ki, tam dəqiq məlumat almaq mümkün deyil. Bəzi ekspertlər İranın hazırda SSRİ-nin dağılmaq ərəfəsindəki vəziyyətini xatırlatdığını bildirirlər. Artıq Tehran iqtisadi sanksiyalar və neftin dünya bazarında qiymətinin düşməsi səbəbilə gəlirləri kəskin azaldığı üçün nəinki özündən asılı olan Livan, İraq və Suriya kimi dövlətləri nəzarətdə saxlaya bilmir, eyni zamanda, sosial-iqtisadi problemlərə görə öz əhalisinin kütləvi etirazları ilə qarşılaşıb. Yaxın Şərqdə İranın başçılıq etdiyi şiə blokunun zəifləməsi qüvvələr balansının dəyişməsi və gələcəkdə yeni güc mərkəzlərinin yaranması ilə nəticələnə bilər.

2019-cu ildə dünya ictimaiyyətinin diqqətini Yeni Zelandiyada dini zəmində baş vermiş terror hadisəsi də cəlb etdi. Hadisədə diqqət çəkən əsas məqam, terrorun adət olunduğu kimi müsəlman qruplaşmaları deyil, xristian terrorçu tərəfindən müsəlmanlara qarşı törədilməsi və sosial şəbəkədə canlı yayımlanması idi. Belə ki, martın 15-də Kraystçerç şəhərində avstraliyalı Brenton Tanant Əl-Nur məscidində ibadət edən müsəlmanları güllələyərək, Facebook sosial şəbəkəsi vasitəsilə canlı yayınladı. Brenton Tanant hücumdan əvvəl yazdığı manifestdə öz hərəkətlərini müsəlmanlara qarşı terror aktı kimi qiymətləndirdi. Facebook-da yerləşdirilmiş videoda Tanantın ibadət edən müsəlmanları qətlə yetirməsini hər kəs izləyə bilərdi.

Terror aktı nəticəsində ümumilikdə 50 nəfərin öldüyü, onlarla insanın isə yaralanması barədə məlumat verildi. Bu hadisədən sonra dünyanın müxtəlif yerlərində anoloji hücumların baş verməsi qlobal səviyyədə yeni bir xristian-müsəlman müharibəsinin başlayacağı barədə ehtimallara inamı artırırdı.

Aprelin 21-22-də Şri Lankada keçirilən katoloklərin Pasxa bayramında üç xristian kilsəsində 290 nəfərin ölümü, 500-ə yaxın insanın isə yaralanması ilə nəticələnən partlayışın törədilməsi Kraystçerçdə güllələnən müsəlmanların qisası kimi qələmə verildi. Ancaq sonrakı hücumların qarşısının dərhal alınması və Brenton Tanantın məlum videosunun sosial şəbəkələrdə yayılmasına qadağa qoyulması hadisənin qlobal təsirnin qarşısını aldı.

Xristian aləmini sarsıdan digər bir hadisə isə Parisin mərkəzində Notr-Dam kilsəsində yanğının baş verməsi idi. Bütün dünya canlı yayında Parisin simvollarından birinin alışmasına tamaşa edir, minlərlə Paris sakini dizləri üstə çökərək elə küçələrdəcə dua edirdilər. Yanğın tezliklə söndürüldü və söndürüldükdən sonra məlum oldu ki, kilsənin əsas divarlarına heç bir ziyan dəməyib. Yanğın nəticəsində əsasən kilsənin dam örtüyü zərər görmüşdü. Aparılan araşdırmaya baxmayaraq yanğının baş vermə səbəbi hələ də məlum deyil.

Tofiq Vahid
Azvision.az


Teqlər: İlin-yekunları    





Xəbər lenti