“Bəzən məlumatlarımızı təhrif edirlər” – Mətbuat katibi

“Bəzən məlumatlarımızı təhrif edirlər” – Mətbuat katibi
  26 Dekabr 2013    Oxunub:1017
Qeyri-adi iş görmürük, öz vəzifə borcumuzu yerinə yetiririk
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TDQK) mətbuat katibi Elnur Nağızadə ən yaxşı mətbuat xidmətləri arasında birinci seçilməsi ilə bağlı təəssüratlarını AzVision.az-la bölüşüb.

Mətbuat katibi vəzifə borcunu yerinə yetirdiklərini bildirərək məlumatların vaxtında ictimaiyyətə çatdırılmasının vacib olduğunu deyib.

“İlk növbədə, səs verən bütün jurnalistlərə təşəkkürümü bildirirəm. Məsələ burasındadır ki, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası daim ictimaiyyətə, mətbuata açıq bir orqandır. Bu da təbbidir, komissiyanın həyata keçirdiyi tədbirlər, on minlərlə, hətta yüz minlərlə insana yönəlmiş tədbirlərdir. Komissiya onların taleyi ilə bağlı olan məsələləri əhatə edir. Hər hansı məlumatları, komissiyanın həyata keçirdiyi tədbirlərin vaxtında operativ və düzgün çatdırılması çox vacibdir. Bu işdə bizə ən yaxşı yardımçılardan biri elə mətbuat orqanları, mətbuat nümayəndələridir. Biz onlarla müntəzəm olaraq, qarşılıqlı işləyirik. Və bu işdə qeyri-adi iş görmürük, öz vəzifə borcumuzu yerinə yetiririk. Hərdən bunu qiymətləndirirlərsə, çox sağ olsunlar”.

E. Nağızadə bəzən məlumatların jurnalistlər tərəfindən təhrif olunduğu da etiraf edib.

“Artıq jurnalistlərlə işləməyə öyrəşmişik, bunun asan tərəfləri də var, çətin tərəfləri də. Çətin tərəfləri onu qeyd etmək olar ki, müəyyən hallarda verdiyimiz məlumatların təhrif olunması bizdə təəssüf hissi oyadır. Təhrif olunması ola bilər ki, bəzən məhz texniki səbəblərdən olur. Yəni, subyektiv amillərdən asılı olmur. Amma əlbəttə ki, müəyyən hallarda bunun baş verməsi gənclərdə, bizim fəaliyyətimizi izləyən insanlarda şaşqınlıq yaradır. Bu hallar istisna olmaqla, hər hansı bir çətinlik olmur”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti