Alimlərimiz Özbəkistanda olub

Alimlərimiz Özbəkistanda olub
  30 Dekabr 2013    Oxunub:1597
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidentləri, akademiklər İbrahim Quliyev və İsa Həbibbəyli Özbəkistanda səfərdə olub.
AMEA-dan bildiriblər ki, səfər çərçivəsində alimlərimiz Özbəkistan Elmlər Akademiyasının yaradılmasının 70 illik yubiley tədbirlərində iştirak edib, bir sıra elmi-tədqiqat qurumlarının rəhbərləri ilə işgüzar görüşlər keçirib, akademiyalararası əlaqələrin yenidən formalaşdırılması istiqamətində danışıqlar aparıblar.

Akademik İbrahim Quliyev Özbəkistan Elmlər Akademiyasının rəhbərləri, rəyasət heyətinin üzvləri, ayrı-ayrı institutların direktorları ilə danışıqlar zamanı qarşılıqlı əlaqələrin ölkənin tarixi ənənələrinə və milli maraqlarına uyğun şəkildə inkişaf etdirilməsi üçün Azərbaycan tərəfinin mövqeyini nəzərə çatdırmışdır. Görüşdə Özbəkistan Elmlər Akademiyasının nümayəndələri AMEA ilə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.

Tədbirdə İsa Həbibbəyli çıxış edərək dünya elminə Əbu Nasir Fərabi, Əbu Reyhan Biruni, Əlişir Nəvai, Mirzə Uluqbəy və digər dahi şəxsiyyətlər bəxş etmiş Özbəkistanla böyük dühaların vətəni olan Azərbaycan arasındakı çoxəsrlik əlaqənin tarixi ənənələrindən, müstəqillik dövründəki vəzifələrindən söhbət açdı.

Görüşdə iki ölkənin akademiyalarının əlaqələrini yenidən qurmaq üçün yeni əməkdaşlıq müqaviləsinin hazırlanmasına dair razılaşma əldə olunub.

Özbəkistana səfər çərçivəsində akademik İbrahim Quliyev Özbəkistan Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun direktoru, geologiya-mineralogiya elmləri doktoru Abdurazak Mirzayev ilə görüşüb. Azərbaycanlı qonaqlar institutun Mineralogiya muzeyi, Daşlaşmış ağaclar qədim təbiət aləmi guşəsi, geokimya və geotexnologiya laboratoriyası ilə tanış oldular.

Səfər çərçivəsində Daşkənddəki Azərbaycan səfirliyində ümummilli lider Heydər Əliyevin büstü və dünya şöhrətli mütəfəkkir Nizami Gəncəvinin bu şəhərdəki abidəsi də ziyarət olundu.


Teqlər:  





Xəbər lenti