Nazirlikdən dəm qazı XƏBƏRDARLIĞI
Son zamanlar qaz cihazlarının istismarı zamanı əhali arasında dəm qazından zəhərlənmə halları qeydə alınmaqdadır. Müəyyən olunub ki, bu hadisələrin əksəriyyəti vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verir.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a bildiriblər ki, dəm qazından zəhərlənmə halı yanğın olduqda, sobanın qapağı erkən bağlandıqda, qarajda, qapalı məkanda avtomobil mühərriki işlədikdə, ağzı bağlı kabinədə uzun müddət qaldıqda baş verir. Mənzillərdə isə dəm qazından zəhərlənmə təhlükəsi əksər hallarda evi qızdırıcı cihazlarla qızdırarkən və ya hamam otağında baş verir.
Kimyəvi adı karbon monooksid olan dəm qazı yanacaq məhsullarının natamam yanması nəticəsində əmələ gəlir. Bu qaz iysiz və rəngsiz olduğundan hiss edilmir. Qapalı şəraitdə daha da təhlükəli olur. Karbon monooksid tənəffüs zamanı ağciyərlərdən qana daxil olur. Adətən oksigenlə birləşməli olan hemoqlobin bu dəfə karbon monooksidlə birləşməyə başlayır və karboksihemoqlobin yaradır və qan artıq oksigeni daşıya bilmir. Bu proses oksigenlə birləşmədən üç yüz dəfə daha intensiv baş verir. İnsan oksigen çatışmazlığından boğulmağa başlayır. İnsan ürəyi bir vurmaya 200 ml-dən çox qan sərf etdiyindən ağciyərlərə düşən dəm qazı sayılan saniyələr ərzində bütün orqanizm boyu yayılır.
Dəm qazından zəhərlənmə zamanı bu simptomlar özünü büruzə verir: gözlər yaşarır, başağrısı, başgicəllənmə müşahidə olunur. Getdikcə zəiflik, ürəkbulanması, quru öskürək, hafizənin keyləşməsi, eşitmə və görmə hallüsinasiyaları başlayır. Qıcolma tutmaları və nəhayət, tənəffüs mərkəzinin iflici nəticəsində ölüm baş verir.
Mənzildə dəm qazı təhlükəsinin qarşısını almaq üçün bir sıra qaydalara riayət edilməlidir. Yadda saxlayın ki, evinizdə qeyri-standart, yəni kustar üsulla hazırlanan cihazların quraşdırılması və istifadəsi təhlükəlidir.
Mənzildə qızdırıcıların havaçəkmə borularının düzgün işləməsinə nəzarət edilməlidir.
Qızdırıcı soba ilə mənzilin ölçüsü uyğun gəlməlidir. Misal üçün, mətbəx həddindən artıq kiçikdirsə və orada zəruri olan ventilyasiya sistemi quraşdırılmayıbsa, böyük ölçüdə qaz pilətəsi qoymaq olmaz.
Eyni qayda hamam otağına da aiddir. Kiçik hamam otağına böyük ölçülü suqızdırıcının qoyulması təhlükəlidir. Cihazın borusunun çıxış yeri olmalıdır.
Zəruri ventilyasiya sistemi yoxdursa, mütləq hamam otağının qapısının aşağı hissəsində hava oynaması üçün dəliklər açılmalı və ya qapalı mühitdə qaz yandırılarkən nəfəsliklər açıq olmalıdır.
Otaqlarda quraşdırılan qızdırıcı sobanın fəaliyyətinə vaxtaşırı fasilə verilməlidir. Bu zaman otaqda havanın dəyişdirilməsi üçün pəncərələr açılmalıdır. Mənzil mütəmadi havalandırıldıqda dəm qazından zəhərlənmə riski azalır.
Evə soba alarkən onun zəmanət barədə sertifikatı və texniki pasportunun olub-olmamasına diqqət yetirmək lazımdır. Mənzildə soba və suqızdırıcılarını quraşdırarkən mütləq yerli qaz idarəsinin mütəxəssisləri ilə məsləhətləşmək vacibdir. Bu sahədə naşı olan insanların xidmətindən istifadə etmək olmaz.
Tüstü borusu olmayan sobaları almaq məsləhət görülmür. Boru olmadıqda və otaq mütəmadi havalandırılmadıqda orada mütləq dəm qazı yaranır. Dəm qazı ilə zəhərlənən insan əksər hallarda özü-özünə kömək edə bilmir. Lakin təcili tibbi yardım gələnədək ətrafdakılar ona ilk yardımı göstərə bilərlər. Zərərçəkəni dərhal təmiz havaya çıxartmaq, onu kürəyi üstə uzatmaq və yaxalığını açmaq lazımdır.
İmkan olduqda oksigen yastıqlarından istifadə edilir. Alın və sinəyə soyuq kompres qoymaq lazımdır. Əgər zərərçəkmişin huşu özündədirsə, o zaman ona isti çay vermək lazımdır.
Dəm qazından yüngül zəhərlənmə olduqda, yəni zərərçəkmiş bu simptomları vaxtında duyub məkanı tərk etdikdə, o zaman sadəcə təmiz hava ilə tənəffüs yetərlidir. Zərərçəkmiş huşunu itiribsə, ona naşatır spirti ilə isladılmış pambıq parçasını iylətmək lazımdır. Naşatır spirti olmadıqda onu adi sirkə ilə də əvəz etmək olar. Zərərçəkmiş nəfəs almırsa və ya tənəffüsü zəifdirsə, ona süni nəfəs vermək lazımdır. Zərurət olduqda ürək masajı edilməlidir. Zərərçəkmişə yardım göstərilməsi üçün təcili tibbi yardım briqadası çağırılmalıdır. Dəm qazından zəhərlənmiş insan özünü yaxşı hiss etsə belə, ən azı 24 saat həkim nəzarəti altında qalmalıdır.
Hər hansı bir fövqəladə hadisə baş verdikdə “112” qaynar xəttinə müraciət edin!