AXCP-Müsavat davası qızışdı
Müsavatın Milli Şuradan çıxmasına etiraz edən AXCP rəsmisi növbəti dəfə İsa Qəmbər və onun komandasını tənqid edib:
“Baxın, ötən il AXCP olaraq 40-a yaxın rayonda yerli təşkilatlarımızla kütləvi müşavirələr keçirdik, eyni vaxta Müsavat partiyasında buna cəhd olsa da bir rayonda belə 20 nəfərin bir yerdə fotosunu çəkdirə bilmədilər. Milli Şuranın seçki kampaniyasının gedişi zamanı Müsavat Cəmil bəy üçün bir rayonda belə görüş keçirə bilmədi,əvəzində isə bütün görüşləri AXCP olaraq tək təşkil etmək zorunda qaldıq. Bu azmış kimi bir çox görüşlərimizi Arif bəy təxirə saldırmağa "müvəffəq" oldu. Dəfələrlə deyilməsinə baxmayaraq, MŞ-nın seçki qərargahına bu partiyadan olan müşahidəçilərin siyahısı verilmədi, çünki ortada düz- əməlli başlı müşahidəçi sayı yox idi.
Bütün bunları ona görə qeyd edirəm ki, Müsavatın 2003-cü ilin gücü üzərindən spekulyasiyalar edib, ölkənin iki ən böyük partiyasından biri MŞ-nı tərk etdi deyilib, insanlarda ruh düşkünlüyü yaradılmasın. Bu partiyanın rəhbərliyi bunu hamıdan yaxşı bildiyi üçün mübarizəyə inamını itirib, ümidlərini mandatlara bağlayıblar. Yoxsa niyə bu işə qol qoyurdular ki?”-deyə F.Qəhrəmanlı qeyd edib.
AzVision.az