Elmar Məmmədyarov: Avro-Atlantik inteqrasiya strateji xəttimizdir

Elmar Məmmədyarov: Avro-Atlantik inteqrasiya strateji xəttimizdir
  14 Yanvar 2014    Oxunub:1169
Elmar Məmmədyarov: Avro-Atlantik strukturlara inteqrasiya Azərbaycan tərəfindən ardıcıl surətdə yürüdülən strateji xətdir.
Avro-Atlantik strukturlara inteqrasiya Azərbaycan tərəfindən ardıcıl surətdə yürüdülən strateji xətdir və bu xüsusda Aİ ilə siyasi, iqtisadi və humanitar sahələrdə tərəfdaşlığın qurulması Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. AzVision.az Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliya KİV-lərinə müsahibəsində bildirib.

E.Məmmədyarov bildirib: "Biz bir çox məsələlər üzrə Aİ-nin dəyərlərini və baxışlarını bölüşürük və əməkdaşlığımızı daha da gücləndirmək üçün əzmliyik. Bu xüsusda İtaliyanın Azərbaycanın Aİ ilə əlaqələrinin inkişafına verdiyi dəstək yüksək qiymətləndirilir".

Nazir bütün sahələrdə Azərbaycanda modernləşmənin həyata keçirildiyini qeyd edərək, ölkəmizin əsas tərəfdaşlarından biri kimi, Aİ-nin bu prosesdə iştirakının vacib olduğunu vurğulayıb və əlavə edib ki, Azərbaycan qanunvericiliyinin Avropa standartlarına yaxınlaşdırılması, demokratiya və qanunun aliliyinin gücləndirilməsi, ticarət və iqtisadi əlaqələrin inkişafı və ümumavropa təhsil sisteminə inteqrasiya ölkəmizin prioritetləri sırasındadır.

Azərbaycanın Aİ-nin "Yeni qonşuluq" və "Şərq tərəfdaşlığı" proqramlarında fəal şəkildə iştirakından danışan E.Məmmədyarov ölkəmizin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq etdiyini söyləyib.

"Şərq tərəfdaşlığı" üzrə Vilnüs sammitində Aİ ilə Azərbaycan arasında viza sadələşdirilməsinə dair imzalanmış sazişi Aİ ilə əməkdaşlığın inkişafında mühüm addım kimi qiymətləndirən nazir bu sənədin Aİ ilə Azərbaycanda insanlar arasında təmasları və səyyarlığı artıracağını və ölkəmizin qanunvericiliyinin və inzibati mexanizmlərinin Aİ-nin bu sahədə olan təcrübəsinə yaxınlaşmasını sürətləndirəcəyini bildirib.

Azərbaycan və Aİ-nin enerji sahəsində strateji tərəfdaşlar olduqlarını deyən E.Məmmədyarov Azərbaycanın bu strateji tərəfdaşlığı digər sahələrə doğru genişləndirmək niyyətində olduğunu vurğulayıb.


Teqlər:  





Xəbər lenti