Atəşkəsin pozulmasının arxasında nə durur?
Məsələyə münasibət bildirən millət vəkili AzVision.az-a açıqlamasında deyib ki, münaqişə zonasında erməni tərəfindən kiminsə öldürülməsi və yaxud şəhid olması birinci dəfə deyil. Demək olar ki, atəşkəs dövründən bəri elə hallar olub ki, birdən çox itki olub. Amma heç zaman bu dərəcədə informasiya savaşı səviyyəsinə qaldırılmayıb. Ona görə də istər-istəməz sual yaranır ki, burada məqsəd nədir, bu, kimin marağına xidmət edir və nə üçün məsələ bu qədər qabardırılır? Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində nə üçün belə bir hal baş verir? Buna görə də məsələnin bu tərəfi qaranlıqdır. Məsələnin informasiya savaşı səviyyəsinə qaldırılmasının iki versiyası var. İlk növbədə, erməni tərəfi bütün gücü ilə çalışır ki, ön xəttdən snayperlər geri götürülsün. Bununla bağlı onlara beynəlxalq dəstək də var”.
S. Alıyev həmçinin deyib ki, gərginliyin bu qədər qabardırılmasına səbəb ermənilərin öz niyyətlərinə çatma istəyidir: “Azərbaycan Ermənistanla sərhəddə snayperləri geri çəkə bilər. Amma ölkəmiz cəbhə xəttində snayperlərin harada, necə yerləşdirəcəyini özü müəyyənləşdirir. Bunu nə erməni tərəfi, nə də ki söz düşəndə beynəlxalq hüquq və normalardan dəm vuranlar müəyyənləşdirə bilər. Söhbət əgər Azərbaycanın torpaqlarından gedirsə, heç kim Azərbaycana deyə bilməz ki, snayperlər ön xətdən geri çəkilməlidir. Bu məsələ həm də ona görə qabardıla bilər ki, xarici işlər nazirlərinin görüşünün arxasınca fevralda prezidentlərin görüşü gözlənilir. Bu məsələ ətrafında orada diskussiya açılsın və buna da bəri başdan informasiya hazırlığı görülüb.
Məsələnin ikinci tərəfi də budur ki, danışıqların yenidən intensivləşməsinin qarşsısını almaq istəyən qüvvələr var. Söhbət o qüvvələrdən gedir ki, onlar Azərbaycan torpaqlarının həm ələ keçirilməsində, həm də indiyə qədər bu status-kvonun qorunub saxlanmasında ermənilərə açıq və gizli dəstək verirlər.”
Deputatın sözlərinə görə, yaranan gərginlikdə ermənilər zəif olduqlarını açıq şəkildə hiss edirlər: “Baş vermiş hadisədə başqa bir məqamı diqqətə çatdırmaq istəyirəm. Əgər erməni mediasını izləsəniz görərsiniz ki, bütün bu hadisələr onların ən müxtəlif təbəqələrində təşviş yaradıb. Hazırda cəbhə xəttindəki gərginlikdə ermənilər özləri də zəif tərəf olduqlarını açıq şəkildə hiss edirlər. Bu zəiflik onların keçirdikləri müxtəlif mətbuat konfranslarında ekspetlərin, hərbiçilərin və ayrı-ayrı ictimai xadimlərin dilindən səslənən açıqlamalarda da duyulur”.
Nihadə Eyyubova