Qitələri birləşdirən növbəti qatar Bakı limanında

Qitələri birləşdirən növbəti qatar Bakı limanında
  26 Dekabr 2020    Oxunub:2090
Türkiyədən Çinə ixrac yükləri daşıyan ikinci konteyner qatarı 26 dekabr tarixində Bakı Limanına çatıb.
Azvision.az xəbər verir ki, Bakı Limanında yükün boşaldılaraq “Beke Ata” fider gəmisinə yüklənməsi 6 saat vaxt aparıb və gecikmədən, operativ şəkidə həyata keçirilib. Yük karavanı hər biri 40 futluq olmaqla 42 konteynerdən ibarətdir və 1400 ədəd soyuducu daşıyır.

Ümumilikdə 8693 kilometr yol qət edəcək yük qatarı Türkiyə daxilində İstanbul (Marmaray)–Köseköy–Ankara–Sivas-Qars xətti ilə hərəkət edərək, Axalkalaki stansiyasından ölkə xaricindəki nəqliyyat şəbəkəsinə qoşulub.

Qeyd olunan qatar Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə hərəkət edərək Xəzər dənizi üzərindən Qazaxıstana, oradan isə Çinin Sian şəhərinə yollanacaq. Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə, Türkiyə Dövlət Dəmir Yollarının dəstəyi ilə İstanbuldan Siana yola salınan ikinci ixrac qatarının da operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) şirkətləridir.

Bu qatar da ilk qatar kimi Bakı Limanından Aktau limanına operatoru “ADY Konteyner” şirkəti olan, “Kazmortransflot”a məxsus “Beket Ata” fider gəmisi vasitəsilə çatdırılacaq.

Layihəni “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, Türkiyə Dəmir Yollları, Gürcüstan Dəmir Yolları, Qazaxıstan Dəmir Yollarının “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası çərçivəsində uğurlu əməkdaşlığının nəticəsi hesab etmək olar.

Məlumat vermək istərdik ki, Türkiyədən Çinə ixrac yükləri daşıyan ilk konteyner qatarı Bakı Limanına 10 dekabr tarixində çatmışıdır, yüklər 6-7 saat ərzində “Beket Ata” fider gəmisinə yükləndikdən sonra Qazaxıstanın Aktau limanına yola düşmüşdü. Əlavə olaraq qeyd edək ki, bu il ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Xəzər dənizi üzərindən fider gəmiləri vasitəsilə ümumilikdə 12 672 TEU konteyner daşınıb, 2021-ci ildən başlayaraq isə qatarlar bu istiqamət üzrə ayda iki dəfə olmaqla müntəzəm olaraq hərəkət edəcəklər.

Azvision.az


Teqlər: Qitə   Liman   Bakı   Qatar  





Xəbər lenti