Şəhid və qazilərin ipoteka borcunu sığorta şirkətləri ödəyəcək

Şəhid və qazilərin ipoteka borcunu sığorta şirkətləri ödəyəcək
  28 Dekabr 2020    Oxunub:1245
Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) birgə nəzarəti ilə Vətən müharibəsində şəhid olmuş və ya aldığı xəsarət nəticəsində müvafiq əlillik dərəcəsi almış hərbi qulluqçuların ipoteka kreditlərinin sığorta vasitəsilə ödənilməsi prosesi operativ şəkildə davam edir.
ASA-dan Azvision.az -a verilən məlumata görə, 2020-ci ilin 27 sentyabr tarixində başlayıb 44 gün davam edən və rəşadətli ordumuzun qələbəsi ilə nəticələnən Vətən Müharibəsində iştirak edərək şəhid olmuş və ya müvafiq əlillik dərəcəsi almış hərbiçilərimizə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilmiş ipoteka kreditləri həyat sığortası üzrə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ödənilir.

Bu günə qədər 3 235 757 manat həcmində ipoteka kreditləri həyat sığortası sahəsində fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən tam ödənilib.

Həmçinin şəhidlərimizin vərəsələrinə, xəsarət almış hərbiçilərimizə və əlillik dərəcəsi müəyyən edilmiş qazilərimizə Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası çərçivəsində sığorta ödənişinin verilməsi Mərkəzi Bankın nəzarəti ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən operativ qaydada həyata keçirilməkdədir. Şirkətdən verilən məlumata görə bu günədək 1 053 şəhidin vərəsələrinə və hərbi əməliyyatlar zamanı xəsarət alan 4 119 nəfər hərbiçiyə sığorta ödənişi verilib. Həyata keçirilmiş sığorta ödənişlərinin ümumi məbləği 18 109 850 manat təşkil edir.

"Mərkəzi Bankın nəzarəti ilə proses hazırda davam etməkdədir", - ASA-dan bildirilib.

Azvision.az



Teqlər: ASA  





Xəbər lenti