Dünya ölkələrində yanacağın qiymət artımı

 Dünya ölkələrində yanacağın qiymət artımı
  05 Yanvar 2021    Oxunub:3724
Pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVID-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb.
Azvision.az xəbər verir ki, bu amil benzin, dizel yanacağın və digər neft məhsullarının qiymətinə də təsir edir.

Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar (1,77 manat) təşkil edib. Bu da il ərzində 14% artım deməkdir:

Türkiyədə benzin qiyməti 2020-ci ilin mart ayında bir litrə görə 5,5 lirəyə düşdüyü halda, indi 7,2 lirə (1,66 manat) civarındadlr - yəni 32%-lik artım var.

Qonşu Gürcüstanda ötən ilin mart ayında 2,2 lariyə olan benzin ötən ay artıq 2,4 lariyə (1,25 manat) qalxmışdl.

Ukraynada isə ötən ilin noyabr-dekabr aylarında yanacağın qiyməti 4% bahalaşıb. Rusiyada yeni il qabağı Aİ-95 benzininin qiyməti 7% artıb.

Ötən ilin sonundan etibarən bu tendensiya artıq Avropa da özünü göstərməyə başlayıb. Belə ki, noyabr-dekabr aylarında Avropada dizel yanacağının qiymətində 29% artım qeydə alınıb. Almaniya vətəndaşları yeni ili yanacağın qiymətində artımla qarşılayıblar. Yeni qərara müvafiq olaraq, həm benzin, həm dizelin bir litrinə görə almanlar 11 sent artıq xərcləməli olacaqlar.

Həmçinin, ekoloji məsələlərə görə Almaniyada yeni ildən avtomobil sahiblərinin ödədiyi verginin miqdarında kəskin artım müşahidə olunur. Pandemiya dövründə özünün sosial öhdəliklərini və sərmayə planlarını yerinə yetirmək üçün Almaniya hökuməti büdcəyə bu yolla əlavə vəsait cəlb etməyi düşünür.

Almaniyanın ZDF telekanalının proqnozuna görə, ölkədə yanacağa olan qiymətdə artım 2021-ci ildə də davam edəcək.

Azvision.az


Teqlər: Benzin   Dizel   Yanacaq  





Xəbər lenti