Smartfonlarda yeni əməliyyat sistemi

Smartfonlarda yeni əməliyyat sistemi
  22 Fevral 2014    Oxunub:1222
AzVision.az Lenta.ru-ya istinadən xəbər verir ki, “Ubuntu Touch” əməliyyat sisteminin idarəetməsi ilə işləyən ilk smartfonları Çinin “Meizu” və İspaniyanın “BQ Readers” şirkətləri istehsal edəcək. Bu barədə əməliyyat sisteminin tərtibatçısı “Canonical” şirkətinin bloqunda deyilir.
2014-cü ildə satışa çıxarılacaq smartfonların qiyməti və texniki xüsusiyyətləri barədə məlumatlar hələ ki açıqlanmır. “Canonical” qurğular haqqında ətraflı məlumatı fevralın 24-də keçiriləcək “MWC” sərgisində təqdim ediləcək.

Şirkət rəhbəri Mark Şattlvort 2015-ci ildə “Ubuntu Touch” sistemli qurğuların buraxılışı ilə məişət texnikası bazarında məşhur olan daha iki şirkətin məşğul olacağını bildirərək istehsalçıların adlarını qeyd etməyib.

2011-ci ildə təqdim edilən “Ubuntu Touch” əməliyyat sistemi adi “Ubuntu” kimi eyni əlavələri dəstəkləyir. Bundan başqa, sistem smartfon monitora qoşulduqda, kompüter əməliyyat sisteminə çevrilə bilir.

“Canonical” əvvəlcə “Ubuntu” sistemli smartfonların buraxılışı ilə təkbaşına məşğul olmaq niyyətində olub. Şirkət layihəni 32 milyon dollar dəyərində qiymətləndirib və onun üçün “Indiegogo” saytı vasitəsilə pul vəsaitləri toplamağa başlayıb.

Lakin smartfonların maliyyələşdirilməsi üzrə kampaniya uğursuzluqla nəticələnib. Belə ki, lazım olan 32 milyon dollardan cəmi 12,8 milyon dollar toplamaq mümkün olub. Bununla belə, bu məbləğ layihələr üçün vəsaitlərin toplanmasında rekord məbləğ kimi qiymətləndirilib.


Teqlər:  





Xəbər lenti