Bəsitçayda 40 hektar meşə sahəsi məhv edilib

 Bəsitçayda 40 hektar meşə sahəsi məhv edilib
  04 İyun 2021    Oxunub:900
Ermənilərin ekoloji terroru nəticəsində işğaldan azad edilən ərazilərdə xüsusi mühafizə olunan təbiətə ciddi ziyan dəyib. Bəsitçay qoruğu 107 hektardır, onun 100 hektarı meşə çinarlarının qorunması üçün salınıb. Lakin həmin ərazinin 40 hektara yaxını məhv edilib.
Azvision.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, vurulan ziyanlar hesablanır: "Bəsitçay qoruğu ilə bağlı monitorinq işləri aparılır. Lakin təhlükəsizlik məsələləri nəzərə alınmalıdır, minalanmış ərazilər var. Aidiyyatı qurumlar şərait yaratdıqda həmin ərazilərdə monitorinqlər təşkil edilir".

V.Kərimov qeyd edib ki, işğaldan azad olunan torpaqlarımızda ekoloji terrorla bağlı Azərbaycan üzv olduğu beynəlxalq konvensiyalar və təşkilatlara müraciətlər edib.

"Beynəlxalq təşkilatlar tərəfindən müraciətlərə heç bir reaksiya yoxdur. Dünyanın hansısa ölkəsində heyvana, təbiətə zərər vurulursa, bununla bağlı cəld reaksiya verilir. Amma 30 ilə yaxındır ki, bununla bağlı məsələ qaldıran yoxdur. Bütün çətinliklərə baxmayaraq, haqq səsimizi qaldırıb, haqlı mövqeyimizi müdafiə edəcəyik".

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti